Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyilə bağlı "Cümhuriyyət" kuboku təsis edildi!


Bu il, müsəlman Şərqində ilk parlamentli respublika – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il ötür. Tariximizin ən şərəfli və şanlı səhifəsi olan bu Cümhuriyyət dövrü uzunömürlü ola bilməsə də, Azərbaycan xalqının şüuruna müstəqillik anlayışını, qəlbinə isə müstəqillik sevgisini həkk etdi! Bu gün, həmin Cümhuriyyətin qurulduğu müstəqil Azərbaycanda fəaliyyət göstərən“Kaspi” Təhsil Şirkəti isə öz növbəsində, “Cümhuriyyət” tarixini şagirdlərə sevdirmək, bu tarixin əhəmiyyətini onlara fərqli formalarla çatdırmaq, həmçinin özünün kiçik fəaliyyət miqyasında bu şanlı tarixə və onun iştirakçılarına simvolik olaraq öz təşəkkürünü bildirmək üçün silsilə layihələrə həyata keçirməkdədir.
Bu layihələrdən növbətisi “Kaspi” Liseyi tərəfindən təsis olunan “Cümhuriyyət” kuboku və həmin kubok uğurunda gedən yarışmalardır: belə ki, paytaxtın bir sıra nüfuzlu məktəbləri arasında bu gündən etibarən incəsənət, idman və intellektual xarakterli müsabiqələr təşkil olunacaq və qaliblərə “Cümhuriyyət” kuboku təqdim olunacaq.
İlk mərhələ kimi, bu gün, “Kaspi” Liseyində yaşı cümhuriyyətlə eyni olan Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Gənc İstedadlar Liseyi və “Kaspi” Liseyinin şagirdləri tərəfindən çəkilmiş rəsm işləri nümayiş olunmuş, həmçinin şagirdlər tərəfindən müxtəlif  rəqs və şeir nümunələri ifa edilmişdir.
Rəsm müsabiqəsinin qalibləri 3 nominasiya üzrə  - Təsviri ustalıq, Rənglərin ahəngi, Uğurlu seçilmiş kompozisiya – mükafatlındırılmışdırlar.
Tədbirdə “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, BDU-nun rektoru Abel Məhərrəmov və digər ictimai xadimlər iştirak etmiş, AXC və bugünkü Aazərbaycan haqqında öz fikirlərini şagirdlərlə bölüşmüşdürlər.
Qeyd edək ki, “Kaspi” tərəfindən Cümhuriyyətin yüzilliyinə həsr olunmuş ilk layihə “100 İl – 100 Ağac” layihəsi idi, hansı ki, bir neçə gün bundan qabaq, tullantılardan azad olunmuş Balaxanı Sənaye Parkında Kaspinin 100 şagirdi tərəfindən 100 ağac əkilməsi ilə həyata keçirilmişdir.