"Kaspi-Ağ Şəhər" Liseyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunmuşdur


25 May 2018-ci il tarixində “Kaspi-Ağ Şəhər” Liseyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbirdə çıxış edən “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva AXC-nin dövlətçilik tariximizdəki rolunu yüksək qiymətləndirərək Cümhuriyyət qurucularının xatirəsinin daim yaşadılmalı olduğunu qeyd etmişdir. Ulu öndər Heydər Əliyevin AXC-nin dəyərlərinə hər zaman hörmətlə yanaşdığını deyən S.Vəliyeva 1990-cı illərin əvvəllərində ümummilli lider tərəfindən ilk Cümhuriyyətin rəmzlərinin bərpası barədə verdiyi qərarların buna sübut olduğunu vurğulamışdır.
Tədbirdə qonaq qismində iştirak edən Azərbaycan Respublikası Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov da Xalq Cümhuriyyətinin tariximizdəki önəmindən və bügünkü dövlətçiliyimizin möhkəmlənməsində oynadığı roldan bəsh etmişdir.
Bayram tədbirində “Kaspi” Liseyi tərəfindən AXC-nin 100 illik yubileyi münasibətilə təsis edilən və Bakı şəhərində fəaliyyət göstərən məktəblər arasında müxtəlif idman və incəsənət sahələri üzrə keçirilən “Cümhuriyyət” Kuboku yarışması qaliblərinin mükafatlandırılması baş tutmuşdur. Bundan başqa, 20-ci əsrin əvvəllərində təsis edilən Azərbaycanın ilk uşaq jurnalının davamı olaraq “Kaspi” Liseyi tərəfindən bərpa edilən “Yeni Dəbistan” jurnalının ilk nömrəsinin təqdimatı keçirilmişdir. Təqdimatda çıxış edən Bakı Dövlət Universitetinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dosenti, əməkdar jurnalist Qərənfil Dünyamin qızı “Yeni Dəbistan”ın gənc nəslin təlim-tərbiyəsi işinə töhfə verəcəyinə inamını bildirərək jurnala uğurlu yol arzulamışdır.
Tədbirin bədii hissəsində liseyin incəsənət dərnəkləri şagirdlərinin çıxışları olmuşdur.