Bayraq Vətəndir!


Qalx ayağa millət, boğmasınlar səsimizi, Bir bayraq altında birləşdir bizi! Şəninə şeirlər yazılmış, nəğmələr bəstələnmiş 3 rəngli bayrağımıza həsr olunmuş “Bayraq Vətəndir!” adlı bayram tədbiri bu gün, Kaspi Liseyində baş tutmuşdur. Salamlama nitqini söyləyən “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, bayrağımızı miras qoyan Azərbaycan Cümhuriyyəti və onun yaradıcılarını hörmətlə yad etmiş, onların zəhmətini qeyd etmiş və bayrağımızın ərsəyə gəlməsi haqqında kiçik bir arayış vermişdir. “Milli yaddaş” layihəsi çərçivəsində keçirilən tədbirin qonaqları da təsadüfi insanlar deyildilər. Onlardan biri, Heyrati ritmik muğamına şeir yazan, bu gün də dilimizdən düşməyən “Azadlıq marşı”nın müəllifi Elçin Mirzəbəyli, digəri isə “Dalğalan bayrağım” şeirinin müəllifi Sahib Alıyev idi. Hər iki qonaq özlərinin dövlət bayrağına münasibətindən və müəllifləri olduqları şeirlərin tarixçələrindən bəhs etmişdirlər. Şagirdlərin ifasında nümayiş olunan, “Dahilərin qüdrətiylə dalğalanan bayrağım” səhnəciyində Azərbaycan istiqlaliyyəti üçün alışıb-yanan Cəfər Cabbarlı, Əhməd Cavad və Üzeyir Hacıbəylinin müəllifi olduğu fikirlər səsləndirilmişdir. Bundan başqa, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun səsləndirilən son məktubu tədbir izləyicilərində dərin təəssürat yaratmışdır. Həmçinin tədbirdə, Liseyin xor kollektivinin ifasında E. Mirzəbəylinin sözü gedən nəğməsi və qonaq Sahib Alıyevin sözlərinə Liseyin müəlliməsi Aygün İlham qızı tərəfindən bəstələnən “Dalğalan bayrağım” mahnısı səsləndirilmişdir. Tədbirin sonunda çıxış edən “Kaspi” Liseyinin direktoru Tural Əliyev, gələn qonaqlara minnətdarlığını bildirmiş, Liseyin adından onlara xatirə plaketi vermişdir.