"Kaspi" Liseyində Ulu öndərin anım tədbiri keçirilmişdir.


“Artıq 14-cü ildir ki, o aramızda cismani olaraq yoxdur, lakin onun kimi insanlar xidmətləri ilə, ideyaları ilə həmişə yanımızda olur, həmişə bizə yol göstərirlər.” – bu fikirlər “Kaspi” Liseyində Heydər Əliyevə həsr olunmuş “O, Heydər Əliyev idi!” adlı anım tədbirində səsləndirilmişdir. Fikrin müəllifi, “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, ulu öndərin Azərbaycan adlı ölkənin var olması üçün etdiklərini sadalamış, bildirmişdir ki, yaradılmış “Kaspi” Liseyləri də məhz onun ideyalarını davam etdirmək üçündür.
“O deyirdi ki, mən təhsildə isahatların tərəfdarıyam, lakin ənənəvi təhsili saxlamaqla günün tələbinə uyğun islahatları aparmaq lazımdır. Məhz biz də, bu insanın dediyi, ənənəvi təhsili, yəni milli təhsili qorumağa, bu uşaqlardan ibarət formalaşan gələcək cəmiyyətimizə milli yaddaşı aşılamağa çalışırıq!” – deyə, Sona xanım qeyd etmişdir.

Tədbirin qonaqları Milli Məclisin üzvü Hikmət Babaoğlu və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də öz fikirlərini şagirdlərlə bölüşmüş, onlara keçən tarixdən nümunələr səsləndirmişdirlər.

Vaxtilə, Heydər Əliyevdən, hələ 23 yaşındaykən aldığı müsahibəsini xatırlayan Vüqar Rəhimzadə, keçirdiyi o həyəcanlı görüşün əziz xatirə kimi yaddaşında iz buraxdığını söyləmişdir. “O insanın doğum tarixi var, ölüm tarixi yoxdur!”  - deyən natiq, həmçinin Heydər Əliyevin xalqın çağırışını qəbul edib gəlməməsi təqdirində, həm xalqın, həm də ölkənin aqibətinin acınacaqlı bir hal ala biləcəyini də vurğulamışdır.

Digər qonaq Hikmət Babaoğlu da yaşanmış tarixin bir parçası olaraq Heydər Əliyev dühası haqqında şagirdlərlə öz fikirlərini bölüşmüşdür. “Biz Heydər Əliyevdən danışanda bəzən ona “ulu öndər” deyirik, bəzən “dahi siyasətçi” bəzən “böyük dövlət xadimi” deyirik. Amma bütün bunların hamısını deyəndə, hiss edirik ki, nəyisə tam deyə bilmədik. Nəsə demək istəyirik, amma yenə deyə bilmirik. Bax o “nə isə”lərin özündə gizlənib Heydər Əliyevin böyüklüyü, dahiliyi!”  - deyərək, o,  Heydər Əliyevin şagirdlər üçün artıq bir tarix, amma özləri üçün yaşanmış tarix olduğunu vurğulamış, bu tarixi gələcəyə, yaddaşlara ötürməyi həm özünə, həm şagirdlərə borc hesab etdiyini qeyd etmişdir.

Tədbirdə, həmçinin Kaspi Xor kollektivinin ifasında “Ulu öndər” mahnısı səsləndirilmiş, liseyin dram dərnəyinin şagirdlərinin ifasında isə 90-cı illərin acınacaqlı günlərini əks etdirən kiçik bir səhnəcik nümayiş etdirilmişdir. Tədbirin sonunda çıxış edən Liseyin direktoru Tural Əliyev qonaqlara öz təşəkkürlərini bildirmiş, Lisey adından onlara xatirə lövhəciyi hədiyyə etmiş, ardınca isə qonaqlarla birlikdə xatirə şəkli çəkilmişdir.