Əzilsək də, susmarıq!


Bu gün, “Kaspi” Liseyi – Bakıxanov filialında 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş “Əzilsək də susmarıq!” adlı anım tədbiri keçirilmişdir.
Tədbir 1 dəqiqəlik sükutla açıq elan edilmiş, ardınca isə Kaspi Xor kollektivinin ifasında “Şəhidlər” mahnısı səsləndirilmişdir.
Şagirdlərin ifasında nümayiş olunan “Əzilsək də, susmarıq!” adlı musiqili-bədii kompozisiya öz tərtibatı, məna tutumu və ən nəhayət şagirdlərin ifa qabiliyyəti ilə bütün tədbir qonaqlarını sona qədər öz təsiri altında saxlaya bilmişdir.
Tədbirdə çıxış edən “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva şagirdlərə baş vermiş faciənin səbəbləri, gizli və gələcəyə hədəflənmiş məqsədlərindən bəhs etmiş, şagirdləri daima ayıq-sayıq olmağa, yaddaşalarını açıq tutmağa səsləmişdir.
Sonda çıxış edən “Kaspi” Liseyi – Bakıxanov filialının direktoru Tural Əliyev 100 illik bir dövlətin varisi olan “Azərbaycan” adlı ölkənin iki müxtəlif zamanda – 1918-ci il hadisələri və 1990-cı il hadisələri – baş verən hadisələrini müqayisə etmişdir: “Bir xalq həmişə oyanmaq istəyəndə, onun başını müxtəlif və neqativ hadisələrlə qatırlar ki, o xalq ayılmasın. Görürük ki, tarix təkərrür edir! Bu tarixin bir daha təkrarlanmaması üçün, sizli-bizli, həmişə ayıq olmalı, bizə olunan pislikləri unutmamalıyıq!” – deyə, natiq sözünə yekun vurmuşdur.