31 Mart - Dünya Azərbaycanlılarının Soyqırımı Günü


Bu gün, “Kaspi” Liseyində, 31 Mart –Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə “Milli yaddaş” layihəsi çərçivəsində tədbir təşkil olunmuşdur. Tədbirdə milli yaddaşımızı yeniləmək, şagirdlərə Vətənimizə və xalqımıza qarşı qonşu xalq tərəfindən dəfələrlə edilmiş düşmənçiliklər və xüsusilə 1918-ci il, 30,31 mart və 1 aprel tarixlərində edilmiş və bu gün “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” adını almış amansız və qəddar hadisə haqqında ətraflı məlumat vermək üçün tarixçi, Şərqşünas, BDU-nun dosenti Atamoğlan Məmmədli, Birinci Qarabağ Müharibəsinin iştirakçısı, I qrup müharibə əlili Vahid Abdurrəhmanov və Birinci Qarabağ Müharibəsinin iştirakçısı, Qazi, II qrup müharibə əlili Akif Abbasov qonaq qismində iştirak etmişdirlər. Görüşdə iştirak edən Atamoğlan müəllim, şagirdlərə ilk öncə “soyqırım” ifadəsinin yaranması və mənası haqqında məlumat vermişdir. O bildirmişdir ki, həm milli, həm dini, həm də etnik baxımdan özündə əsl soyqırımı ehtiva etdirən mart hadisələri tariximizdə olan ən dəhşətli hadisələrdəndir. Öz bilikləri əsasında, o, Bakıda, Qubada, Şamaxıda ard-arda və paralel baş vermiş qətliamları ən xırda məqamlarına qədər danışmış, şagirdlərin təsəvvürlərində o günlərin canlanmasına şərait yaratmışdır. “Anasının kəsilmiş döşünü əlində saxlayan azyaşlı körpə”dən tutmuş, “çıxarılmış və erməni dığalarının boyunlarında həmayil kimi asılmış gənc oğulların gözləri” kimi olmuş hadisələr sadəcə zalı sükutlu bir heyrətə qərq etdi. Müəllifi olduğu, Mübariz İbrahimova həsr olunan“Şəhidə kəfən lazım deyil” adlı kitabını da Liseyimizin kitabxanasına bağışlayan elm adamı bildirmişdir ki, bir xalqın qalib olması üçün əsas olan ruhdur, hansı ki, o ruh Mübariz İbrahimovda olub, 2016-cı il Aprel döyüşlərində də bir daha bizdə, igid oğullarımızda olduğu göründü. Ardınca çıxış edən I qrup müharibə əlili Vahid Abdurrahmanov “Şəhidlər vurulanda ölmür, unudulanda ölür”, - deyə sözünə başlamış, onları bir vətəndaş, bir azərbaycanlı kimi Vətənə dəyər verməyə, ermənilər tərəfindən daima aparılan anti-türk təbliğatına qarşı ayıq-sayıq olmağa, daxildə bir olmağa, bir-birini dəstəkləməyə səsləmişdir. Tədbirin moderatoru Tural Abasquliyev də çıxış edərək bildirmişdir ki, Azərbaycan yeganə dövlətdir ki, onu əhatə edən bütün qonşularında torpağı var: “Deməli biz yenə də unutqan olsaq, necə ki, bu günə qədər ermənilər bunu dəfələrlə sübut edinlər, 30-50 il sonra yenə də bizə qarşı öz çirkin əmməllərini törətməkdən çəkinməyəcəklər. Ona görə də bugünkü yeniyetmələr, gənclər daima yaddaşlarını təzə tutmalı, həqiqətlərlə üzləşməyi bacarmalıdırlar, ona görə ki, bir daha başımıza bu işlər gəlməsin”, - deyə o nitqini yekunlaşdırmışdır. Tədbirin digər qonağı, Füzuli rayonu uğurunda gedən döyüşlərdə sağlamlığını itirən, torpağa qanını qatan, Qazi Akif Abbasov da çıxışında Vətəni təmənnasız sevməyin ən vacib şərt olduğunu bildirmişdir: “ Əgər belə olmazsa, o zaman heç bir qalibiyyətdən söz gedə bilməz.” İnteraktiv formada keçən tədbirdə şagirdlər qonaqlara çox maraqlı və məntiqli suallar vermiş və ətraflı müzakirələrə qoşulmuşdurlar.
Digər şəkilləri görmək üçün linkə daxil olun:
http://www.kaspiliseyi.az/az/galleries