Azərbaycanlı şagirdlər "Genius" beynəlxalq bilik sərgisində iştirak edərək 4 medalla Vətənə qayıtmışıdırlar.


Hər il Nyu York Dövlət Universitetinin ev sahibliyi etdiyi və ştatın Osveqo şəhərində keçirilən “Genius” olimpiadası ABŞ-ın ən böyük elm sərgisi hesab olunur. Yarış iştirakçıları beş fərqli kateqoriya olmaqla, ekologiya və ətraf mühit problemlərinin həlli istiqamətində müxtəlif layihələrlə çıxış edirlər.

2018-ci il üçün yarışmaya dünyanın 70 ölkəsindən ümumilikdə 1657 layihə ilə müraciət olunmuş, onlardan 729-u final mərhələsinə çıxa bilmişdir. 729 layihənin içində özünə yer tutmağı bacaran və bununla da Azərbaycan Respublikasını bu mötəbər yarışda təmsiletmə hüququnu qazananlar isə “Kaspi” Liseyinin şagirdləri olmuşdurlar.

Sayca ən böyük heyətlə çıxış edən azərbaycanlı şagirdlər 4 komanda şəklində bölünmüş və 3 müxtəlif kateqoriyada yarışmışdırlar. 11-19 iyun tarixlərində keçirilən olimpiadada “İncəsənət” kateqoriyasında çıxış edən Fidan Kərimli qızıl medal, “Robototexnika” kateqoriyası üzrə Elmir Ələkbərli, Ənvər Mustafazadə və Yusif Pənahlı gümüş medal, “Elm” kateqoriyası üzrə Əzizağa Hüseynov, Fərdi Turan, Ramal Qasımov və Murad Hüseynov isə həvəsləndirici diplomla təltif olunmuşdurlar.

Məlumat üçün qeyd edək ki, yarış hər il, iki mərhələ əsasında keçirilir. Birinci mərhələ onlayn qaydada təşkil olunur: namizədlər hazırladıqları layihələri yarışın onlayn sisteminə daxil edirlər. Münsiflər heyətindən müsbət rəy alan layihələr növbəti mərhələyə iştirak hüququ əldə edirlər.  Sona qalmış finalçılar müəllifi olduqları layihə və prototipləri təqdim edərək medal və həvəsləndirici diplomlar əldə edirlər.

Olimpiadanın digər maraqlı tərəfi isə ondan ibarətdir ki, bu tədbir yalnız elmi layihələrin rəqabəti üzərində qurulmamışdır. Belə ki,  yarışma boyu “Beynəlxalq mədəniyyət sərgisi” təşkil olunmuşdur. Bu sərgidə, hər komanda kimi, “Kaspi” Liseyinin də şagirdləri Azərbaycan mədəniyyətini nümayiş etdirmişdirlər: onlar milli rəqs nümunəsi ilə çıxış etmiş, ölkəmiz üçün ayrılan Azərbaycan guşəsində milli mətbəximizin şirniyyatlarını, həmçinin milli ruhda olan suvenirləri sərgiləmişdirlər. Bununla da, “Kaspi” Liseyinin şagirdləri Vətəni ən yaxşı şəkildə təmsil edə bilmişdirlər.