Kökü zəngin Azərbaycanım


28 dekabr 2016-cı il tarixində “Kaspi” Liseyinin “Bakıxanov” filialında “Milli yaddaş”  layihəsi çərçivəsində “Kökü zəngin Azərbaycanım” adlı tədbir keçirilmişdir.Dünya Azərbaycanlılarının Həmrəylik Gününə təsadüf edən bu tədbirə qonaq qismində görkəmli Əməkdar elm xadimi və Azərbaycanşünas alim Nizami Cəfərov dəvət olunmuşdur. Tədbir həmişəki kimi Dövlət Himni ilə açıq elan olunmuş, ardınca isə “Kaspi” Təhsi Şirkətinin təsisçisi Sona Vəliyevaya söz verilmişdir. Sona xanım hər kəsi salamlamış, hər kəsin qarşıdan gələn bayramlarını təbrik etmiş və tədbirin qonağı görkəmli Azərbaycanşünas alim Nizami Cəfərovu təqdim edərək sözü ona vermişdir. 
Şagirdləri və müəllim kollektivini salamlayan qonaq çıxışına belə davam etmişdir: “İnsan bu dünyaya rənglənmiş şəkildə gəlir. Biz hara düşməyimizdən asılı olaraq dilimizi, dinimizi belə unuda, dəyişə bilərik. Lakin milli mənsubiyyətimizi əsla! Etnoşünaslıq elminin tərkib hissəsi kimi azərbaycanşünaslıq elmi də var, hansı ki, Azərbaycanla bağlı olan hər məqamı, hər detalı öyrənir. Belə ki, Azərbaycan xalqının etnik əsasını türkçülük təşkil edir, Azərbaycan xalqının, Azərbaycan adının coğrafiya və tarix baxımından ən uyğun gəldiyi vaxt isə Səfəvilər dövlətidir. Lakin bununla belə, Azərbaycan ərazisində ta qədimdən formalaşmış bütün mədəniyyətlərin biz daşıyıcısıyıq.
Bəs Azərbaycanlılar kimdir?
- Etnos olaraq türk mənşəli, azərbaycan türkü olan hər kəs azərbaycanlıdır.
- Azərbaycanda doğulan, azərbaycan dilində danışan, özünü azərbaycanlı kimi görən və azərbaycanlı kimi təqdim edən hər kəs azərbaycanlıdır.
- Milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda doğulan hər kəs azərbaycanlıdır.
- Komplimentar prinsip nöqteyi-nəzərindən yanaşaraq, kimsə sadəcə Azərbaycanı sevdiyinidən, bu ölkəyə hörmətindən dolayı özünü azərbaycanlı hesab edirsə, o da azərbaycanlıdır.
Hər bir azərbaycanlının məqsədləri arasında Azərbaycanı qorumaq, ona, onun dəyərlərinə ən azı öz fəaliyyət dairəsində sahib çıxmaqdır. Lakin ağıllı təəssübkeşlik odur ki, onun içində itib-batmayasan; öz problemlərini bilib, onları həll edəsən.
Bu gün bizim həmrəyliyimiz üçün çox işlər görülüb, bu gün Azərbaycan xalqının mövcudluğu fiziki hadisə deyil, əziz şagirdlər gəlin bunu dərk edək və dəyərlərimizə sahib çıxaq.”
Ardınca Sona Vəliyeva Nizami Cəfərova Lisey adından  hədiyyə və xatirə lövhəciyini təqdim etmişdir.
Tədbirin sonunda xatirə şəkli çəkdirilmişdir.


Digər şəkillərə baxmaq üçün veb səhifədə olan Foto Qalereya bölməsinə keçin.