Müstəqilliyimizi memarı


12 Dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür. Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü “Kaspi” liseyində qeyd olunmuşdur. Həmişəki kimi tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmiş, ardınca ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Açılış sözünü söyləyən “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva Heydər Əliyevin Azərbaycan xalqının, Azərbaycan dövlətinin tarixində iki dəfə xilaskar rolunu oynadığını qeyd etmiş, onun bir Azərbaycanlı olaraq gördüyü təqdirəlayiq işlərindən bəhs etmişdir. “Azərbaycan dilinin 1978-ci ildə rəsmi dövlət dili elan olunması, Bakı şəhərində mikrorayonların salınması, ölkədə fabrik-zavodların tikilməsi və minlərlə insanın işlə təmin olunması, rayonların abadlaşdırılması, yerli tələbələrin xarici ölkələrə təhsil almağa göndərilməsi və s. – bütün bunlar Heydər Əliyevin ölkəmiz üçün gördüyü işlər idi, hansı ki, bu Azərbaycanı əyalət olmaqdan çıxarır, yavaş-yavaş həqiqi suveren ölkəyə çevirirdi.” , - deyə Sona xanım qeyd etmişdir. Natiq bildirmişdir ki, ulu öndər haqqında həqiqətləri hər zaman söyləmək, onun gördüyü işləri qiymətləndirmək lazımdır: “Biz ona Heydər baba deyərdik, çünki o həqiqətən də babalıq zirvəsinə ucala bilmişdi. Necə ki, bir dağın ətəyindən uzaqlaşdıqdan sonra, ona ta uzaqlardan baxdıqda onun zirvəsini, ucalığını görür, dərk edirik, eləcə də Heydər Əliyev zirvəsini araya girən zəman kəsiyi, gedən müxtəlif proseslərin nəticəsində indi daha yaxşı anlayırıq. Əbədiyaşar şairimiz Hüseyn Cavid “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü!” sözlərini həqiqətən də sanki onun haqqında söyləmişdir. 1990-cı illərin dəhəşətli günləri onun gəlişi ilə başa çatdı. Buna görə də biz həmişə ona minnətdar olmalıyıq.” Tədbirdə Heydər Əliyevə həsr olunan "Kiçik dünyamdakı dahi şəxsiyyət ", "Müstəqilliyimizin memarı", "Sən oldun dar gündə köməyə yetən Ulu bir sərkərdə ,ulu bir öndər" mövzulu inşa yarışmasının da qalibləri elan olunmuş və mükafatlandırılmışdırlar. Yekun sözü söyləmək üçün kürsüyə dəvət olunan “Kaspi” Təhsil Şirkətinin direktoru Elnur Əliyev şagirdlərə səslənərək onları Heydər Əliyevin yorulmazlıq, çalışqanlıq, idarəçilik və liderlik kimi keyfiyyətlərini nümunə götürməyə, onu bir kumir olaraq görməyə dəvət etmişdir. Sonda liseyin xor kollektivi Heydər Əliyev haqqında musiqisi İlham Abdullayevə, sözləri isə Ramiz Duyğu, Fəxrəddin Əli və İlqar Dağlaroğluna aid olan “Heydər ata” mahnısı ifa etmişdir.



Digər şəkillərə baxmaq üçün veb səhifədə olan Foto Qalereya bölməsinə keçin.