"Kaspi" Liseyində Xocalı soyqırımı anılmışdır.


22 fevral 2017-ci il tarixində “Kaspi” Liseyində “Xocalım” adlı tədbir keçirilmişdir.  Tədbir Xocalı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlamışdır. Daha sonra şagirdlərin ifasında “Müharibənin uşaqları”adlı bədii-musiqili kompozisiya nümayiş olunmuşdur.
İlk sözü söyləyən “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva tədbirin məhz açılış sözü olmadan başlamasının simvolik xarakter daşıdığını, bunun Xocalı soyqırımına işarə olduğunu qeyd etmişdir: “Eynən Xocalı faciəsi də belə salamsız-kəlamsız baş verdi... Əliyalın insanların üzərinə düşmən silahlanmış şəkildə, gecə yarı, insanların ən müdafiəsiz zamanında hücum etmişdirlər. Bizi bir xalq kimi bu günə qədər zəif edən bizim unutqanlığımız, rəhmli olmağımız olub; kaş ki olmayaydıq...Amma şükürlər olsun ki, bu gün bu istiqamətdə geniş təbliğatlar aparırıq, informasiya mübadiləsi gerçəkləşir. Lakin bu gün ən vacib məsələlərdən biri, həmin gecəyə şahid olmuş insanları danışdırmaq, xatirələrini tarixə həkk etməkdir ki, bunu da öz növbəsində dünyaya yaymaq lazımdır və haqlı mövqeyimizi sübut edərək, haqqımızı geri almaqdır.
Ardınca tədbirdə qonaq qismində iştirak edən AR Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icmasının sədri, Şuşa Rayon İH-nin başçısı Bayram Səfərov, Şuşa Rayon İH-nin İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Vüsalə Fətəliyeva, Millət vəkili, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova,  Şuşa şəhərinin YAP təşkilatının sədri, Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev və Milli Qəhrəman Tofiq Hüseynovun oğlu Murad Hüseynov çıxış etmiş, öz xatirələrini şagirdlərlə bölüşmüşdürlər.
Murad Hüseynov hadisə gecəsindən danışarkən özündən başqa digər 24 uşağın necə hər iki valideynini itirməsini, özünün bütün yaxın qohumlarının şəhid olmasını söyləmişdir:  “Biz 25 uşaq idik, ən böyüyümüzün 12, ən kiçiyimizin isə 3 yaşı var idi.  Bizə haqlı olaraq “müharibənin uşaqları” adını qoyurlar, bəli, biz uşaqlıq görmədik, ata qayğısı, ana nəvazişi görmədik, birbaşa gənclik, yetkinlik dövrünə qədəm qoyduq. Bu çox acı, sağalmaz bir yara oldu... ” – deyən natiq atası ilə bərabər Xocalı sakinlərinin necə mübarizə aparmasından, mənəvi cəhətdən sınmamasından fəxrlə danışmış, gələcəyə böyük ümidlə yanaşdığını, günlərin bir günü Xocalının və digər bölgələrin geri alınacağı xəbərini alacağına da inandığını vurğulamışdır.
Tədbirin sonunda Sona Vəliyeva qonaqlara “Kaspi” Liseyinin şagirdlərinin çəkdikləri müxtəlif rəsm hədiyyələrini təqdim etmiş, həmçinin Şuşa Rayon İcra hakimiyyəti adından təqdim olunan hədiyyəni qəbul etmişdir.