"Milli yaddaş" layihəsi - Torpağın oğlu Anar


Bu gün, 28 aprel 2017-ci il tarixi “Kaspi” liseyinin tarixinə ən dəyərli, ən gözəl günlərdən biri kimi həkk olundu. Çünki bu gün bizim Liseyimizə əsrimizin ən böyük yazıçılarından biri, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri və nəhayət, özünün iifadə etdiyi kimi əsrimizin əsəri Anar təşrif buyurmuşdur. Liseyimizin qonağının şərəfinə şagirdlərimiz tərəfindən böyük səy və həvəslə “Torpağın oğlu” adlı ədəbi-bədii gecə tərtib olunmuşdur. 
Tədbirin açılış sözünü söyləmək üçün kürsüyə dəvət olunan “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva qonaqları, şagirdləri, müəllimləri salamlamışdır. “Bu görüş hamımızın gözünə-könlünə yazılacaq, hamımız bu görüşdən hələ uzun müddət faydalar əldə edəcəyik. Bu tədbirin adı artıq yazıçı Anarı tam xarakterizə edir: Sizin bütün fəaliyyətinizin, bütün yaradıcılığınız, Vətənə-millətə bağlılığınız hamısı bu ifadədə öz əksini tapmışdı. Anar müəllimin gəlişi çox gözəl zamana təsadüf etdi, bu il bizim bir şirkət olaraq 10 yaşımız tamam olur, lisey olaraq isə 4-cü ilimizə qədəm qoyuruq. Bu gün fərqli məkanlarda, fərqli məzmunda, müxtəlif üslublarda fəaliyyət göstərən məktəblər var. Bizim isə məqsədimiz hamımıza aydın olan, milli ruhda bir ab-hava formalaşdırmaq, azərbaycançılıq ideologiyası ilə, eyni zamanda beynəlxalq mühitə çıxa bilən unikal şəxsiyyətlər yetişdirməkdir. Bunun üçün də bizim “Milli yaddaş” layihəmiz düşünüldü, hansı ki, bu layihə vasitəsi ilə sizin kimi görkəmli azərbaycanlı şəxsiyyətləri şagirlərimizlə görüşdürür, onlara daha da yaxından tanıtmağa çalışırıq. Sizə də zəhmət verib bura dəvət etməyimizin səbəbi budur. Natiq, Anar müəllimin nəinki, təkcə Azərbaycanın, həm də bütün Türk dünyasının sevilən yazıçısı olmasını qeyd etdi. “Adının əvvəlində və ya sonunda, soyad və ya təxəllüs işlənmədən, sadəcə adını insanların yaddaşına həkk elətdirmək özü artıq çox şeydən xəbər verir. Anar müəllimi sevdirən amil təkcə onun əsərlərinin gözəlliyi və ya sanballılığı deyil, bu amil onun həm də xalqının, dövlətinin taleyi ilə bağlı fəaliyyəti, yeri gəldikdə hadisələrə öz vətəndaş mövqeyini bildirməsi ilə bağlıdır. Belə bir ziyalının artıq sevilməmək ehtimalı yoxdur. Anar müəllimin topağına, elinə, millətinə bağlı olması, dövlətinin, millətinin inkişafı uğrunda çalışması, dövlətçilik amilinə yanaşması birbaşa onun ruhi yaddaşı ilə bağlıdır. Anar müəllimin ulu babası Ələkbər bəy Rəfibəyli, babası Xudatat bəy, atası tərəf Məmmədxanlılar nəsli , bütün bu insanlar cümhuriyyətdən başlayaraq daima bu ölkə naminə çalışmışdırlar. Anar müəllimin “Dədə Qorqud” filmində, Dədə Qorqudun dilindən söylədiyi, “Torpağın yurd, Vətən olması üçün iki şərt lazımdır: biri odur ki, bu torpağı gərək əkib-becərəsən, o birisi odur ki, torpağı yağılardan qoruyasan. Əgər torpağı əkib-becərmədin, qorumağa dəyməz, torpağı qoruya bilmədin, əkib-becərməyə dəyməz!” ifadəsi onun dövlətçilik yaddaşından irəli gəlir. Anar müəllim, 1990-cı ildə, 21 yanvar tarixində etdiyi çıxış, rus dilində “Faciə” yazısı, digər fəaliyyətləri bu şəxsiyyətin qeyrət dolu etirazından xəbər verir.” - , deyə Sona xanım çıxışını tamamlamış, sonra qonağa cansağlığı, Azərbaycan dövlətinin daha da gözəl günlərini görməyi arzulamışdır.
Ardınca şagirdlər yazıçı Anarın ssenari müəllifi olduğu “Torpaq, dəniz, od, səma” və “Dədə qorqud” filmindən səhnəciklər nümayiş etdirmiş, sözləri Rəsul Rzaya, musiqisi Vasif Adıgözəlova məxsus “Bakı” mahnısını ifa etmişdirlər.
Daha sonra söz Liseyin qonağı Anara verilmişdir. Tədbir iştirakçılarını salamlayan qonaq, tədbir təşkilatçılarına ona gözəl bir gün yaşatdığı üçün öz təşəkkürlərini bildirmişdir. “Mən çox görüşlərə gedirəm, lakin mənim üçün ən dəyərli görüşlər məktəblərdə şagirdlərlə, tələbələrlə olan görüşlərdir. Çünki sizinlə görüşmək gələcəklə görüşməkdir.”-, deyə şair öz sevincini ifadə etmişdir. Natiq, “Bizim çox dəyərli mənəvi babalarımız var: Mirzə Cəlil, Mirzə Fətəli Axundov, Əli bəy Hüseynzadə, Sabir, Cavid, Üzeyir bəy və digərləri. Bu insanlar olmasa idi, Azərbaycanlılar bir millət kimi özünü təsdiq edə bilməz, müstəqilliyini də qazana bilməzdi. Müstəqilliyə gedən yol bu insanların həyatından, fəaliyyətindən başlanır. Bu sözləri ona görə burada deyirəm ki, gələcək sizsiniz, siz bunları bilin və keçmişimizin qorunması üçün çalışın.” - deyərək o, şagirdlərə səslənmişdir.
Daha sonra ədib üzərində işlədiyi “Qum saatı” adlı publisist yazısı haqqında da xəbəri şagirdlərlə bölüşdü, hansı ki, bu yazıda cəmiyyətdə baş verən hadisələr qum saatı ilə müqayisə olunur, baş verən hər şeyin dəfələrlə tərsinə çevirildiyi və qum saatında olduğu kimi heç də düzgün nəticələrə gətirib çıxarmadığı qeyd olunur. Sonda qonaq Sona xanıma və şagird kollektivinə bir daha təşəkkürlərini bildirmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Tədbirin sonunda qonağa gül dəstəsi və xatirə lövhəciyi təqdim olunmuş və xatirə fotosu çəkdirilmişdir.