İnfomatriksin qalibləri - "Kaspi" şagirdləri


İnfomatriks (Infomatrix) olimpiadası hər il Rumıniyanın Buxarest şəhərində Rumıniya Təhsil Nazirliyi və Beynəlxalq Buxarest Məktəbi tərəfindən keçirilən beynəlxalq informatika olimpiadasıdır.

Olimpiadanın Latın Amerikası, Avropa (Ukrayna), Asiya (Qazaxistan), Uzaq Şərq (İndoneziya) ölkələri daxil olmaqla 3 əsas ön ələmə turniri keçirilir. Həmin ələmə turnirlərinin qalibləri ilə yanaşı, birbaşa Rumıniya İnfomatrix olimpiadasına müraciət edənlər arasından seçilən layihələr “Dünya Finalı”na iştirak etməyə haqq qazanır. Olimpiada ümumilikdə Proqramlaşdırma, Kompüter incəsənəti, Qısa film, Robot texnologiyası və təchizat idarəsi (“Hardware control”) olmaqla 5 kateqoriyadan ibarətdir.

Bu il aprelin 27-dən mayın 1-dək keçirilən olimpiadanın final mərhələsində ümumilikdə 45 ölkədən 365 layihə iştirak hüququ qazanmışdır. Kaspi Liseyi həmin olimpiadaya 4 müxtəlif layihə ilə müraciət etmiş və bunlardan 3-ü finala dəvət edilmişdir. Bunlar robot texnologiyası və təchizat idarəsi (“Hardware control”) kateqoriyalarıdır.

Robot texnologiyası üzrə iştirak edən şagirdlər birinci robotun - Robokaspi 1-in idarəçisi  8-ci sinif şagirdi Ramin Oruclu, ikinci robotun - Robokaspi 2-nin idarəçisi  7-ci sinif şagirdi Hüseyn Rəsulzadə olmuşlar.

Bu kateqoriyada iştirakçıların robotu müəyyən olunmuş zolağı ən sürətli şəkildə qət etməlidir. Burda robotun xüsusi dizaynı və proqramlaşdırılması əsas rol oynayır. Şagirdlərimiz yarış zamanı müəyyən çətinliklərlə üzləşsələr də, dizayn və proqramda yeniliklər edərək yarışın ikinci turunda robotun sürətini artıraraq əvvəlcədən müəyyənləşdirilmiş məsafəni əvvəlkindən iki dəfə az vaxt ərzində tamamlamağa nail olmuşdurlar. Təmsilçilərimizi qızıl medaldan yalnız 8 saniyə və 45 salisə ayırmış və onlar gümüş medal qazanmışdırlar.

Şagirdlərimizin iştirak etdiyi digər kateqoriya isə təchizat idarəsidir (“Hardware control”). Bu kateqoriyada iştirakçılardan müəyyən bir qurğu hazırlamaq və həmin qurğunu idarə edən proqram yazmaq tələb olunur. 9-cu sinif şagirdlərimiz Məmmədli Murad və Həmid Əlisoy dizüstü bilgisayar və naqilsiz siçanların batareya effektivliyini artıran qurğu tərtib etmişdilər. Onlar münsiflərin önündə təqdimatı ingilis dilində uğurla etmiş və bürünc medal qazanmışlar.

Şagirdlərin ümumi hazırlığı dekabr ayında başlasa da, əsas hazırlıq vaxtı mart ayının 10-da, yəni “Dünya Finalı”na seçilən layihələr elan olunduqdan sonra başladı.