GENIUS 2017


“Kaspi” Liseyinin şagirdləri ABŞ-ın Nyu-York Ştatının Oswego şəhərində yerləşən SUNY Oswego (State University New York) universitetində keçirilən “GENIUS Olimpiadası 2017” – də  iştirak ediblər. 12-17 iyun tarixlərində keçirilən bu beynəlxalq olimpiadanın final mərhələsinə 69 ölkədən və ABŞ-ın 37 ştatından 570 layihə qatılmışdı. Bu layihələr isə 6 kateqoriya üzrə seçilmişdir: fundamental elm, incəsənət, yaradıcı yazı, robot, musiqi, biznes.
“Kaspi” Liseyinin şagirdlərindən Urfan Seyfullayev və Cərulla Xəlilov Elmi layihə üzrə 4-cü yerə, Murad Qurbanlı, Ramin Oruclu və Həsən Hacı-Həsənli Robot layihəsi üzrə bürünc alaraq 3-cü yerə, Ayxan Ağabəyli isə incəsənət layihəsi üzrə qızıl medal alaraq 1-ci yerə layiq görülmüşdür.
GENIUS Olimipiadası ətraf mühit problemlərini anlamağa, fundamental elm, incəsənət, yaradıcı yazı, mühəndislik, dizayn və biznesin inkişafı vasitəsilə davamlılığa nail olmağa yardım edən bir sistemdir.
GENIUS Olimpiadası əsasən aşağıdakılara çatmağı hədəfləyir: bütün dünya üzrə şagirdləri ətraf mühit problemləri və onların həlli yollarını axtarmağa cəlb etmək;
Ətraf mühitin mühafizəsi və inkişafı üzrə şagirdləri həvəsləndirmək;
Gənc nəsillərdə ətraf mühit şüurunu formalaşdırmaq;
Bütün dünyadan olan gənclərin bir yerə toplanması və yeni ideyaları bölüşməsi üçün forum təşkil etmək;
Qlobal ətraf mühit problemləri barəsində ictimaiyyəti məlumatlandırmaq.
Yarış başa çatdıqdan sonra şagirdlər “Kaspi” Liseyinin Beynəlxalq Əlaqələr üzrə koordinatoru Sahib Əliyevin rəhbərliyi ilə 3 gün ərzində  ABŞ-ın Vaşinqton və Nyu-York ştatlarında gəzməli-görməli yerlərə baş çəkmiş, ümumilikdə Amerika mədəniyyəti və tarixi ilə daha yaxından tanış olmuşdurlar.Qeyd edək ki, bu, “Kaspi” şagirdlərinin birinci uğuru deyil. Onlar elə cari ilin aprel ayında Rumıniyanın Buxarest şəhərində keçirilən “İnfomatriks 2017” Olimpiadasında da bir sıra qələbələr qazanmışdırlar. “Proqramlaşdırma”, “Kompüter incəsənəti”, “Qısa film”, “Robot texnologiyası” və “Avadanlıq İdarəetməsi” kimi 5 kateqoriyadan ibarət olan Olimpiadanın “Dünya finalı” na vəsiqə qazanan liseyin şagirləri “Robot layihəsi” və “Elmi Layihə” üzrə müvafiq olaraq 4 gümüş və 2 bürünc medal əldə etmişdirlər.