15 Sentyabr - Bilik Günü (Ağ şəhər filialı)


Bu gün “Kaspi” Liseyləri daha yeni bir tədris ilinə qədəm qoydu!
“Kaspi – Ağ şəhər” filialında təşkil olunan “Bilik günü” tədbiri Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi.
Gələn valideynləri, şagirdləri və müəllim kollektivini salamlayan, “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, “Kaspi” Liseyini seçən valideynlərə təşəkkürlərini bildirdi: “Ölkəmizdə bir çox yaxşı məktəblər var, sizin də  bizi yaxşı o yaxşılardan hesab edərək seçməyiniz bizim üçün fəxrdir. Etimadınızı doğrultmağa, valideyn məmnuniyyətini təmin etməyə çalışacağıq. Bizim əsas niyyətimiz, “Mükəmməl milli təhsil amalımızdır!” şüarını əsas tutaraq, şagirdlərimizi, öz soy-kökünə bağlı, əsl azərbaycanlı vətəndaşı, eyni zamanda qloballaşan dünya ilə ayaqlaşa bilən kosmopolit bir insan yetişdirməkdir!” - , deyə natiq qeyd etmişdir.
Tədbirin bədii hissəsi, şagirdlər tərəfindən nümayiş olunan səhnəcik, xor və şeir ifaları ilə davam etdirilmişdir.
Bundan başqa, Liseydə fəaliyyət göstərən Kembric imtahan mərkəzində imtahan verən ən yaxşı şagirdlərə sertifikatları, o cümlədən keçən tədris ilini fərqlənmə ilə başa vuran 9-cu sinif şagirdlərinə diplomlar təqdim olunmuşdur.
Tədbirə yekun vuran “Kaspi – Ağ şəhər” Liseyinin direktoru Asif Əzizov, bu gün münasibəti ilə hər kəsi təbrik etmiş, yeni dərs ilində valideyn,şagird və müəllimlərə səbr, iradə və uğurlar arzu etmişdir.