Beynəlxalq Olimpiadların qaliblərinin təltif edilməsi mərasimi


“Kaspi” Liseyində dünyaca məhşur və davamlı keçirilən GENİUS, İNFOMATRİX kimi beynəlxalq yarışlarda iştirak edərək müxtəlif kateqoriyalar üzrə qalib olmuş Kaspi şagirdləri “Kaspi” Təhsil Şirkəti tərəfindən təltif edilmişdir.
Şagirdləri salamlayan təsisçi Sona Vəliyeva, hər şeydən əvvəl Azərbaycanın bu yarışlarda müstəqil bir ölkə kimi, öz adı ilə, öz bayrağı ilə çıxış etməsinin, ondan sonra isə “Kaspiçi” şagirdlərin ölkəmizi təmsil etməsinin çox qürurverici hal olduğunu vurğulamış, şagirdləri, onların valideynlərini və müəllimlərini təbrik etmiş, iştirakı və zəhməti olan hər kəsə öz təşəkkürlərini bildirmişdir. “Nəzərə alsaq ki, Azərbaycan çox da böyük və yaşlı dövlət deyil, o zaman əminliklə deyə bilərik ki, respublikamız sizin simanızda çox da yaxşı təmsil olunmuşdur!” – deyə, Sona xanım qeyd etmişdir.
Hesabat çıxışını edən Kaspi-Bakıxanov Liseyinin direktoru Tural Əliyev, “Sizdən tələb olunan yeganə iş araşdırmaqdır. Araşdırmağa dünyadan yox, öz ətrafınızdan başlayın!” –deyə, şagirdlərə daima çalışmağı və araşdırmağı tövsiyə etmiş, onlara bu yarışlarda öz layihələri ilə iştirak edə bilmələri üçün lazım olan hər şeyi edəcəkələrinə dair söz vermişdir.
Bu yarışlarda şagirdlərin hər zaman yanında yeri gəldikdə böyük bir qardaş, yeri gəldikdə isə bir müəllim kimi çalışan “Kaspi” Liseyinin Beynəlxalq Əlaqələr üzrə koordinatoru Sahil Əliyev də öz çıxışında şagirdləri təbrik etmişdir, onlara təşəkkürlərini bildirmişdir: “Biz bir il əvvəl bu işə başlayanda bir sinif qədər şagirdimiz yox idi. Amma bu gün bir akt zal qədər şagird bu işə baş qoyub. Əgər biz bir il əvvəl, bu tədbirlərə bir iştirakçı kimi qatılırdıqsa, artıq təşkilatçı kimi fəaliyyət göstərəcəyik.”- deyə, Sahil Əliyev “Kaspi” Liseyinin World Scholars Cup yarışmasına da ev sahibliyi edəcəyi xəbərini iştirakçılarla bölüşmüşdür.