Kaspi Liseylərində təhsil alacaq şəhid övladları ilə görüş keçirildi


26 İyun – hər il Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Lakin bu il xalqımız Ordu Gününü təkcə əsgər və zabitlərimizin peşə bayramı kimi deyil, həm də Vətən Müharibəsində qazandığı Zəfər bayramı kimi qeyd edir. İlk dəfədir ki, Milli Ordumuz bayramını ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və Qarabağımızın mənfur düşməndən azad edilməsi şəraitində qeyd edir. İşğaldan azad edilən torpaqlarımızın sevinci, 44 günlük Vətən Müharibəsinin zəfəri qarışıb bu bayrama. Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılan böyük Qələbənin tərənnümüdür bu tarixi gün.

Həm Vətən Müharibəsi dövründə, həm də müharibənin ziyanlarını aradan qaldırmaq, Qarabağın quruculuğuna dəstək olmaq üçün dövlətimizin irəli sürdüyü bütün təşəbbüslərə dəstək verən Kaspi Təhsil Şirkətinin rəhbərliyinin Kaspi Liseylərində ödənişsiz təhsil alacaq şəhid övladları və onların ailələri ilə görüşünün də məhz Milli Ordu Günündə baş tutması təsadüfi deyildi.

Kaspi Şirkəti ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək göstərir.

Kaspi Təhsil Şirkəti ilə “Yaşat” Fondu arasında yaranan əməkdaşlığa əsasən  2021/2022-ci tədris ilində 6 şəhid övladı Kaspi Liseylərində  ödənişsiz təhsil almaq üçün qeydiyyatdan keçib.  Ümumilikdə “YAŞAT” Fondunun Dəstək proqramına qoşulan “Kaspi Liseyi” Ümumtəhsil məktəbi, “Kaspi-Kids” Uşaq Bağçası, “Kaspi Abituriyent”, “Kaspi Polyglot” və Kaspi Kids Məktəbəqədər hazırlıq müəssisələrində ümumilikdə 26 şəhid övladı üçün 100% nisbətində güzəşt tətbiq edilir.

 

 

Kaspi Liseylərində təhsil alacaq şəhid ailələrinin övladları və onların ailələri ilə keçirilən görüşdə şəhid övladlarına təkcə dövlətin deyil, ölkənin hər bir vətəndaşının qayğı göstərməsinin vacibliyi qeyd edildi.

Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva yeni tədris ilini torpaqlarımızı işğaldan azad edən bir dövlətin vətəndaşları olaraq qarşılamaqdan qürur duyduğunu bildirdi: “Sevinirik ki, Silahlı Qüvvələr Gününü qalib ölkənin insanları kimi qeyd edirik. Təhsil Şirkəti olaraq Vətən uğrunda şəhid olan, canından keçən əsgər və zabitlərimiz qarşısında daim borcumuzu yerinə yetiririk. Şəhid övladlarının Kaspi liseylərində pulsuz təhsil almasına şərait yaratmaqla onların ruhu qarşısında az da olsa borcumuzu yerinə yetiririk. Biz bu ailələr üçün nə etsək azdır. Şəhidlərimizin övladları bizə əmanətdir. Bu uşaqlar hamımızın övladıdır”.

 

Kaspi Şirkətinin marketinq direktoru Aydın Əliyev Kaspi liseylərinin fəaliyyəti haqqında məlumat verərək: “Bizim üzərimizə düşən vəzifə liseylərimizdə təhsil alacaq şəhid övladlarına yüksək diqqət göstərməkdir. Şəhidlərimiz Vətənin azadlığı uğrunda canlarından keçiblər. Biz də onların övladlarını diqqət və qayğıdan kənarda qoymamalıyıq”-deyə qeyd etdi. A.Əliyev liseydə təhsil alacaq şəhid övladlarının geyim, qida, dərs ləvazimatı və nəqliyyat servisi ilə təmin olunacaqlarını diqqətə çatdırdı: “Çalışacağıq ki, bu uşaqlar heç bir diqqətdən kənarda qalmasınlar. Bu uşaqlar öz təhsilləri ilə uğur qazanacaq, məktəbin adını daha da yüksəldəcək, atalarının xatirəsinə və Vətən naminə layiqli övlad olacaqlar. İnanırıq ki, onlar respublika və beynəlxalq olimpiadalarda uğur qazanacaqlar. Bizim bütün diqqətimiz də onların üzərində olacaq”.

 

 

Liseydə yeni tədris ilindən təhsil alacaq şəhid Sənan Zamanovun övladları - Fidan (V sinif) Ləman (VII sinif) və Kənan (II sinif) Zamanovların sevinci hədsizdir. Babaları Qahir Zamanov nəvələrinin təhsil alması üçün  Kaspi Təhsil Şirkətinin yaratdığı imkana görə təşəkkürünü bildirdi: “Biz heç bir məktəbdə belə diqqət görməmişik. Övladlarımızın təhsilinə sahib çıxdığına görə Kaspi Təhsil Şirkətinin rəhbərliyinə çox minnətdaram!”

 

 

Şəhid Vüqar Nəcəfovun anası Şəmsiyyə Yusifova nəvəsi Aydın Nəcəfovun Kaspi bağçasına, digər nəvəsi İncinin Bakıxanov filialının 1-ci sinfinə qəbul edilməsinin sevincini bölüşür: “Biz yalnız uşaqların təhsili üçün narahat idik. Sevinirik ki, Kaspi Təhsil Şirkəti bu məsuliyyətli işi təmənnasız olaraq dəstək verdi”.

Kaspi Ağ Şəhər Liseyinin direktoru Səbinə Əliyeva və Bakıxanov filialının direktoru Sahil Əliyev şəhid övladlarına təhsillərində uğurlar arzulayıb, hər zaman onların yanında olacaqlarını bildirdilər.

 

 

Liseyə qəbul edilən Ağaseyid Mikayılov Ramiq oğlu (Kaspi Ağ şəhər liseyi) və Tuncay Məmmədov Pərviz oğlu (Kaspi Bakıxanov liseyi) onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər.Tədbirdə ad  günü Silahlı Qüvvələr Gününə təsadüf edən - Kaspi liseyinin 2-ci sinfində təhsil alacaq Kənan Zamanovun doğum günü münasibətilə tort kəsildi. Uşaqlara hədiyyələr təqdim edildi və şəhid ailələri ilə birlikdə xatirə şəkli çəkildi.