Qələbə ilinin məzunları


Kaspi Liseyinin Bakıxanov filialında 2020/2021-ci tədris ilində məktəbi bitirən şagirdlərin “Məzun Günü” bütün iştirakçılara- lisey rəhbərliyinə, məzunlara, müəllimlərə, valideynlərə xoş və qürurverici anlar yaşatdı.

Azərbarcan Respublikasının Dövlət Himni səsləndi, Vətənimizin müstəqilliyi, dövlətimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva məzunlara arzu və xeyir-duasını bildirdi: “Siz artıq müstəqil həyata qədəm qoyursunuz. Həm bizi, həm də valideynlərinizi sevindirirsiniz. Siz Qələbə ilinin məzunlarısınız. Siz 44 günlük müharibədə qalib gələn ölkənin gəncliyisiniz. İnanırıq ki, siz gələcək təhsil və karyeranızda uğurlar qazanacaq, Vətənə layiqli övladlar olacaqsınız!”

 

 

Liseyin direktoru Sahil Əliyev məzunların hər birinin təhsillərində uğur qazanacaqlarına əmin olduğunu qeyd etdi: “Əminik ki, siz həyatda daim uğur qazanan, çalışqan, zəhmətsevən və arzularına, məqsədinə doğru əzmlə irəliləyən insanlar olacaqsınız”.

 

 

Məzun gecəsində səhnəyə dəvət olunan məzunlara hədiyyələr təqdim olundu. Liseyin teatr və rəqs dərnəyinin kollektivinin mahnı və rəqs nömrələri, səhnəcikləri gecəyə şən ovqat bəxş elədi.

 

 

Məzunların valideynləri və müəllimləri ürək sözlərini səsləndirdilər.

Şagirdlər Andiçmə mərasimində “Bu gün məzun oluruq, “Kaspi” liseyi ilə vidalaşırıq. Valideynlərimizin, liseyimizin müdiriyyəti və cəfakeş müəllimlərimizin, bizə Azərbaycanın gələcəyi gözü ilə baxan hər kəsin qarşısında əldə etdiyimiz  dəyərlərimizə sahib çıxacağımıza and içirik!”- deyə qeyd etdilər.

 

 

Son zəngin sədaları altında məzunlar   müəllimlərinə təşəkkür etdilər.

Liseyin məzunlarına gələcək təhsil və karyeralarında uğurlar arzulayırıq!