Kaspi Ağ Şəhər Liseyi "Məzun Günü"nü qeyd etdi


“Bu il Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir il oldu. Həsrətini çəkdiyimiz torpaqlarımıza qovuşduq, Vətən torpaqlarını işğaldan azad etdik. Bir olduq. Bir yumruq altında birləşdik”. Kaspi Təhsil Şirkətinin Kaspi Ağ şəhər Liseyinin 2020 -2021-ci il məzun buraxılışında səslənən bu fikirlər müstəqil həyatın astanasında olan şagirdlərə təkcə liseyi uğurla başa vurmaqlarının deyil, həmçinin həyatlarındakı bu önəmli hadisənin Vətən Müharibəsindəki Qələbə ilinə təsadüf etməsinin sevincini yaşatdı. Məzun törəninə qatılan liseyin müəllim kollektivi və rəhbərliyi və məzunların valideynlərinə də bu sevincdən pay düşdü.

Vətən Müharibəsində şəhid olanların ruhu 1 dəqiqəlik sükutla yad edildi, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Kaspi Təhsil Şirkətinin idarə heyətinin sədri Sona Vəliyeva məzunları təbrik edərək onlara gələcək həyat yollarında uğurlar arzuladı: “Bu gün doğma şagirdlərimiz məktəbi tərk edir. Biz övladlarımızı böyüdürük, onlar bir gün qanad açıb uçurlar. Biz də sizin qədər həyəcanlıyıq. Amma biz sizin taleyinizdən zərrə qədər də narahat deyilik. Çünki təməl o qədər möhkəm qoyulub ki, məxsus olduğunuz dəyərlər, əldə etdiyiniz biliklər, yiyələndiyiniz texnoloji yeniliklər sizi yüksəklərə qaldıracaq”.

 

 

 

Kaspi Ağ Şəhər liseyinin direktoru Səbinə Əliyeva “Hər uğurun açarı zəhmətdir”- deyə məzunlara uğur arzuladı: “Bu gün xəyallarınızın həyata keçdiyi gündür. İnanıram ki, siz bütün çətinliklərin öhtəsindən mətinliklə gələcəksiniz!”.

 

 

Məzunlar adından çıxış edən Çinarə Rzayeva “11 illik lisey həyatımız bu gün yekunlaşır və yeni üfüqlərə yelkən açırıq”- deyə təhsilin davamçısı olan birinciləri səhnəyə dəvət etdi.

Məzun törənində çıxış edən valideynlər şagirdlərə uğurlar arzuladılar.

Tədbirdə məzunların ifasında səhnəciklər göstərildi, mahnılar səsləndi, rəqslər ifa olundu. Liseyi bitirən məzunlara hədiyyələr və rəmzi diplomlar təqdim olundu.

 

 

Son zəngin bitməyən sədası altında məzunlar estafeti birincilərə təhvil verdilər.

Məzunlarımıza uğurlar arzulayırıq!