Kaspi Liseylərinin "Elm sərgisi" Dünya Gününə həsr olundu


Lisey şagirdlərinin müxtəlif fənlər üzrə layihələri sərgidə nümayiş etdirildi

22 Aprel bütün dünyada Beynəlxalq Yer Günü (Dünya Günü) kimi qeyd edilir. Ətraf mühitin sağlamlaşdırılması və mühafizəsi üçün insanların kütləvi surətdə iştirak etdiyi aksiyalara Kaspi Liseyi də ənənəvi olaraq təşkil etdiyi “Elm sərgi”si ilə töhfə verdi.

Liseyin Bakıxanov filialında təşkil edilən sərgidə 250 şagirdin Robotika, Riyaziyyat, İnformatika, Fizika, Kimya, Biologiya, Coğrafiya və Tarix fənlərinə aid layihələri və təcrübələri onların bilik və bacarıqlarının canlı nümunəsinə çevrildi. Dəqiq fənlərə böyük maraq göstərən, olimpiadalarda, fənn yarışmalarında fəal iştirak edən şagirdlər bu dəfə bilik və bacarıqlarını nümayişi üçün məhz “Elm sərgisi”ni seçdilər.

London Olimpiadasına doğru

Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva şagirdləri təbrik edərək daha böyük yarışlarda uğur qazanacqlarına əminliyini ifadə etdi: “Siz bu gün liseydə qazandığınız bilik və bacarığınızı layihələrlə və təcrübələrlə nümayiş etdirirsiniz. Bunlar sizin tədris dövründə əldə etdiyiniz biliklərin bariz göstəricisidir. İnanıram ki, siz bu layihələri daha da zənginləşdirəcək və sorağınız daha böyük sərgilərdən, bilik yarışlarından eşidiləcək. Bu sərgi daha böyük uğurlarınıza yoldur. Hamınıza uğurlar arzulayıram!”

Bakıxanov Filialının direktoru Sahil Əliyev məlumat verdi ki, liseyin Robotika üzrə təklif etdiyi layihələr Londonda keçiriləcək beynəlxalq yarışmaya vəsiqə qazanıb: “Londonda keçiriləcək  Beynəlxalq “Greenwich” olimpiadasının final seçimləri davam edir. Artıq 5 komandamız müraciət etdikləri layihələri əsasında finala vəsiqə qazanıb və 14-16 iyul tarixlərində ölkəmizi Beynəlxalq elm - layihə olimpiadasında təmsil edəcəklər. İnanırıq ki, nəticələrimiz uğurlu olacaq”.

Kaspi Liseyləri üzrə akademik koordinator Məhəmməd Nağıyev qeyd etdi ki, Dünya Günündə qeyd edilən sərginin məqsədi həm də şagirdləri elmə  və planetimizi qorumağa həvəsləndirməkdir: “Şagirdlərin hazırladıqları layihələr sərgidə nümayiş etdirilir. Sərgi şagirdlərdə təqdimat bacarığı formalaşdırır. Nümayiş etdirilən layihələr bundan əvvəlki yarışlarda və fənnlərin spesifik hazırlıqlarında istifadə etdikləri layihələrdir. Onların içərisindən ən yaxşılarını seçib sərgidə nümayiş etdiririk”.

Sərgidə hər iki lisey şagirdlərinin Kimya və Biologiya fənləri üzrə təcrübələri də maraqla qarşılandı. Diqqət çəkən məqamlardan biri də, İbtidai sinif şagirdlərinin “Həyat bilgisi” üzrə keçirilən mövzulara həsr etdikləri - elektronika və təbiətyönümlü layihələri idi. Bunu ibtidailərin elm yolunda ilk kövrək addımları da adlandırmaq olar.

Həm öyrədir, həm öyrənirik

Şagirdlərlə söhbət zamanı onların elmə olan maraqlarını və həvəslərini aydın müşahidə etmək olur. Ağ Şəhər Liseyinin 8-cı sinif şagirdi Ömər Əhmədov kimya fənni üzrə hazırladığı “Fil dişi reaksiyası” layihəsinin bəyənildiyini dedi: “Sərgidə iştirak edənlər layihəyə maraqla baxdılar. Hesab edirəm ki, bundan sonra digər fənləri də daha yaxşı öyrənmək və bu tip sərgilərdə fəal iştirak etmək lazımdır”.

Bakıxanov filialının 6-cı sinif şagirdi Ramil Vəliyev özünün “Robot” layihəsindən həvəslə danışdı: “Robotu hazırlayarkən çox şeylər öyrənirəm. İnternetdə axtarış edirəm, müxtəlif fənlərlə maraqlanıram. Bu, məni həm əyləndirir, həm də biliyimi təkmilləşdirir”.

Ağ Şəhər Liseyinin 4-cü sinif şagirdi Cahad Abdullanın hazırladığı “Ekskavator” diqqət çəkir: “Hazırladığım cihaz sərgidə nümayiş üçün seçiləndə çox sevindim. Bu məni daha yaxşı layihələr üzərində çalışmağa həvəsləndirdi və yeni ideyalar verdi”.

Ağ Şəhər Liseyinin 6-cı sinif şagirdi Banu Hüseynli “Yuvarlaqlaşdırma” layihəsi üzərində necə gərgin çalışmasından bəhs etdi: “Sevinirəm ki, layihə maraqla qarşılandı. Həmçinin sərgidə məktəb yoldaşlarımın maraqlı işləri ilə tanış oldum. Aşağı sinif şagirdləri bizim hazırladığımız layihələrdən çox şey öyrəndilər. Biz həm öyrənir, həm də öyrədirik. “Elm sərgisi” bizi gələcəkdə yarışlarda daha həvəslə iştirak etməyə ruhlandırır”.

“Elm sərgisi”ni şagirdlərin dəqiq fənlərə nə qədər önəm verdiklərinin və sonsuz sevgilərinin göstəricisi hesab etməklə yanaşı, liseyin müəllim kollektivinin gərgin əməyinin bəhrəsi də adlandırmaq olar.

Şagirdlərin elm yolu ilə daha mətin addımlarla irəliləyəcəklərinə və müvəffəqiyyətlər qazanacaqlarına inanırıq.

Bu yolda onlara uğurlar arzulayırıq!

Kaspi.edu.az