Kaspi Ağ Şəhər Liseyinin "Drama"sı maraqla qarşılandı


Şagirdlər yeni səhnəciklər nümayiş etdirdilər

Kaspi liseylərində şagirdlərin sosiallaşmaq, komanda şəklində işləmək bacarıqlarını artırmaq, incəsənətə, teatra sevgi aşılamaq, ünsiyyətlərini formalaşdırmaq, ingilis dili səviyyələrini inkişaf etdirmək üçün tədris proqramına “Drama” dərsləri daxil edilib. Tədris ili ərzində şagirdlər həmçinin “İllik İngilis Dili həftəsi” çərçivəsində drama bacarıqlarını nümayiş etdirirlər. Belə ki, bütün siniflər üzrə şagirdlər səhnələşdirdikləri tamaşalarla səhnəyə çıxırlar.

Təqdimat zamanı şagirdlər hekayələrini (bookstory), hekayələr əsasında teatr səhnəciklərini (Drama Presentation) təqdim edirlər.

Bu dəfə Ağ Şəhər Liseyinin səhnəsi Azərbaycan və rus bölmələri üzrə 5-6-ci sinif şagirdlərinin ixtiyarına verildi. Şagirdlərin səhnələşdirdikləri hekayələr məktəbin şagird və müəllim kollektivi tərəfindən maraqla qarşılandı.

Liseyin İngilis dili Departamentinin rəhbəri Elnurə İnci qeyd etdi ki, şagirdlərin təqdim etdiyi hekayələr və teatrlaşdırılmış təqdimatları onların özlərini sərbəst ifadə etmələrinə kömək edir: “Şagirdlər bu tip tədbirlərlə öz cəsarətlərini ortaya qoyur, arzularını ifadə edir, kütlə qarşısında çıxış etməyi, bölüşməyi öyrənir və sosiallaşırlar. Drama dərsləri həmçinin onların ingilis dili səviyyələrinin inkişafına kömək edir. Bu həm də şagirdlərin həyati bacarıqlarının göstəricisidir”.

Qeyd edək ki, may ayının sonunda Liseydə 1-ci sinif şagirdləri hazırladıqları tamaşalardan səhnəcikləri nümayiş etdirəcəklər.