Növbəti tədris ilində online təhsil şərtləri


Hörmətli Valideynlər,
 
Bu məktubda valideynlərimizi maraqlandıran 2 suala cavab verəcəyik.
Dərslər sentyabrdan ənənəvi qaydada başlayacaqmı?
Dərslərin distant olacağı təqdirdə təhsil haqları necə hesablanacaq?
 
Təbii ki, dərslərin başlama vaxtı məsələsində Nazirlər Kabineti və Təhsil Nazirliyi rəsmilərinin qərarları həlledici rol oynayacaq. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın həyata keçirdiyi tədbirlərin əsas məqsədi bu yayın sonunadək pandemiyanın yayılmasının qarşısının alınması, yoluxmanın minimuma endirilməsi, nəhayət sentyabr ayınadək elə bir şəraitin yaradılmasıdır ki, müəyyən olunmuş qaydalar çərçivəsində həyat tədricən öz əvvəlki axarına qayıtsın, o cümlədən, məktəb, baxça və universitetlərdə tədris başlasın. Hər halda inanırıq ki, ölkəmizdə pandemiya ilə mübarizədə son zamanlar  əldə olunan nəticələr və görülən tədbirlər deməyə əsas verir ki, bu gedişatla biz bu il məktəblərdə dərsləri ənənəvi qaydada başlaya biləcəyik.
 
Kaspi Liseyləri olaraq biz intensiv şəkildə yeni tədris ilinə hazırlaşırıq. Həm ənənəvi olaraq təhsil ilinə hazırlaşır, həm də intensiv şəkildə distant  təhsil istiqamətində də hazırlıqlarımızı davam etdiririk. Kaspi Liseylərində həm texnoloji istiqamətdə, həm müəllim heyəti hazırlığı baxımından, həm də tədris materialları istiqamətində  ciddi hazırlıqlar görülməkdədir.  Tədrisin distant və ya ənənəvi formada olmasından asılı olmayaraq biz tədris prosesini keyfiyyətli, hərtərəfli təşkil etməyi hədəfləyirik və ciddi hazırlaşırıq.
 
Distant təhsil müddətində təhsil haqqlarının necə hesablanmasına gəldikdə biz düşünürük ki, distant formada həyata keçirilən təhsil əvvəlcədən düzgün və vaxtında  planlaşdırmaqla daha aşağı xərclərlə təşkil oluna bilər. Bu səbəbdən Kaspi Liseyləri olaraq qərara almışıq ki, 2020-2021 tədris ilində əgər dərslər hansısa müddət distant olacaqsa distant tədris müddəti üçün təhsil haqqları 30% endirimlə hesablanacaq.
 
Kaspi Liseyləri olaraq inanırıq ki, hər cür çətin vəziyyətdə həm valideynlər övladlarının təhsil aldığı liseyə, həm də lisey valideynlərə dəstək olmalıdır. Çünki, ümumi məqsədimiz şagirdlərimizin daha keyfiyyətli təhsil ala bilməsidir. İnanırıq ki, tezliklə biz məktəblərdə şagirdlərin xoşbəxt, təhlükəsiz şəkildə dərslərə davam etdiyinin  şahidi olacağıq.