Kaspi İnternational School şagirdlərini qarşıladı


Kaspi İnternational School şagirdlərini qarşıladı

 

Sentyabrın 15-dən respublikamızda tədris ilinə başlandı. Kaspi Təhsil Şirkətinin Ağ şəhər, Bakıxanov və Beynəlxalq Məktəb (İnternational School) liseyləri də I-IV siniflərin şagirdlərini qarşıladı. Qeyd edək ki, liseylərdə hər il ənənəvi olaraq təntənəli keçirilən Bilik Günü bu dəfə sosial məsafə gözlənməklə I və II sinif şagirdlərinin məktəb həyətində sıra düzülüşü, müəllimlərlə salamlaşma və Azərbaycan Dövlət Himnini ifa etməklə həyata keçirildi. Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin iştirakı ilə kütləvi tədbirlərin keçirilməsinə olan məhdudiyyətlərə riayət olunaraq valideynlər məktəbin həyətinə daxil olmadı.  

İnternational School-un direktoru Renata Novruzova 1-ci və 2-ci sinif şagirdlərini salamlayaraq uğurlu tədris ili arzuladı: “Bu gündən başlayaraq tədris ilinə start veririk. Uşaqların sağlamlığı və təhlükəsizliyi bizim üçün daha çox önəm daşıyır. İnanıram ki, bütün şagirdlər karantin qaydalarına riayət etməklə təhsillərinə uğurla davam edəcək və nəaliyyət qazanacaqlar. Hər il olduğu kimi bu tədris ilindən də gözləntilərimiz böyükdür”. R.Novruzova məktəbdə tədrisin Hibrid model üzrə - əyani (ənənəvi) təhsil və distant (məsafədən) təhsil üzrə keçiriləcəyini qeyd etdi: “1-ci və 4-cü siniflər həftədə 2 dəfə məktəbdə əyani dərs keçəcəklər. 3 gün isə dərslər distant olaraq keçiriləcək. Tədris ilini uğurla başa vuracağımıza inanıram”.

Qeyd edək ki, təhsil müəssisəsində sinif otaqlarındakı partaların quruluşu sosial məsafə qaydalarına tam uyğunlaşdırılıb, məktəb binası daxildən və xaricdən bütünlüklə dezinfeksiya olunub, divarlardan maarifləndirici təlimatlar asılıb.

Məktəbə ilk dəfə qədəm qoyan birincilərin sevincini isə sözlə ifadə etmək çətindir. Məktəb direktorunun “Siz xöşbəxtsinizmi?” sualına hamılıqla “bəli” cavabını verən uşaqlar üçün məktəb həyatı yeni dünyadır. 1-ci sinif şagirdi Züleyxa İbrahimova “Şox sevinirəm”- deyə sevincini bölüşür: “Məktəbə həvəslə gəlmişəm. Dərslərimi yaxşı oxuyacağam. İngilis dilini öyrənmək istəyirəm. Özümə yeni dostlar tapacağam”.  Ayxan Razıyev üçün də bağçadan sonra məktəbdə oxumaq böyük maraqdır: “Söz verirəm ki, bütün dərslərimdən yaxşı qiymət alacağam”. Kamal Salmanov isə: “Məktəbdə çox şey öyrənmək istəyirəm” deyir. 2-ci sinif şagirdi Oqtay Abdullazadə isə koronavirus pandemiyası səbəbindən təhdildə də yaranan uzun fasilədən sonra məktəbə qovuşduğuna görə fərəhlidir: “Məktəb, müəllimlər və dostlarım üçün çox darıxırdım. Hər gün məktəbə gəlmək, sinifdə dərs keçmək istəyirəm”.

Tədris ilinə yeni başlayan bu uşaqların qarşısında biliklərə yiyələnmə, elmin sirlərinə bələd olma, dil bilgiləri əldə etmə həvəsi, ən əsası isə ölkəmizə, vətənimizə layiqli vətəndaş olmaq məsuliyyəti durur.

Uğur olsun!