Həmrəy olanda güclüyük


 

Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edirlər. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha təntənəli şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Məhz bu gün bütün dünya azərbaycanlıları bir araya gəlir və bütün dünyaya sübut edir ki, dünyanın ən həmrəy dövləti məhz AZƏRBAYCAN-dır!

İşğalda olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsindəki böyük zəfərimiz də xalqımızın və dünyada yaşayan azərbaycanlıların həmrəy olmasının bariz nümunəsinə çevrildi.

Ölkəmizdə Həmrəylik Gününə həsr olunan bütün tədbirlərdə də bu bayramın hər il keçirilməsinin artıq ənənəyə çevrildiyi və əhəmiyyəti qeyd edilir.

Kaspi Təhsil Şirkətinin Bakıxanov Liseyi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan onlayn tədbirdə “Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilib”- deyə qeyd edildi. 

Azərbaycan Respublikasının Dövlət Himni səslənəndən sonra “Kaspi” Təhsil Şirkəti İdarə Heyətinin sədri Sona Vəliyevanın bayramla və yeni təqvim ili ilə bağlı təbrik məktubu oxundu.

Tədbirin ssenari müəllifi, liseyin sosial fəaliyyətlər üzrə mütəxəssisi Gülnarə Allahverdiyeva qeyd etdi ki, bu bayram dünyada yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır: “ Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib”.

Liseyin şagirdlərinin ifasında ifa edilən rəqs nömrələri, Vətənə həsr olunan şeir və  kompozisiyalar Həmrəylik Gününə əsil ərməğan oldu. Şagirdlərin hazırladığı “Mən Vətənəm” adlı kompozisiya - “Dili Azərbaycan deyən, qəlbində Vətən sevgisi, yurd eşqi olan hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq bu vətənin övladı, onun bir parçasıdır”- fikirləri isə dünyada yaşayan soydaşlarımızı daha da həmrəy olmağa səslədi.

Tədbirdə Kaspi Bakıxanov və Ağ Şəhər liseylərinin qəhrəmanlarımıza, vətənimizə, bütövləşən ana yurdumuza həsr olunan “Ətrin gəlir, Xarıbülbül” adlı birgə şeir müsabiqəsinin qalibləri də elan olundu. Müsabiqə qaliblərinin - Amin Əsgərli və Nərmin Vəlizadənin ifasında səslənən şeirlər,  məktəbin şagirdlərinin hazırladığı “Yeni il arzularımız” adlı videoçarx Həmrəylik Gününə layiqli töhvə oldu.

Liseyin direktoru Sahil Əliyev Həmrəylik Günü və yeni təqvim ili münasibəti ilə liseyin şagird və müəllim kollektivini təbrik edərək bu bayramın Azərbaycan xalqının həyatında mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi: “Biz birlikdə olduğumuz zaman nəyə qadir olduğumuzu bütün dünyaya göstərə bilirik. Elə Vətən müharibəsində zəfərimizin əsas səbəbi də həmrəy olmağımız oldu. Biz həmrəy olaraq düşməni diz çökməyə məcbur etdik. Nə qədər həmrəy olsaq, dünya sözümüzü o qədər eşidəcək, gücümüzü o qədər tanıyacaq, haqqımızda o qədər biləcək. Xalqımıza həmişə həmrəy olmağı arzulayıram!”

Millətimizin həmrəyliyi, torpaqlarımızın birləşməsi - bütöv Azərbaycan yaranmasının sevinci liseyin şagirdlərinin dilindən qürurla səsləndi: “Torpaq o zaman Vətən olur ki, onu canı qədər sevən vətəndaşı olsun, torpaq o zaman Vətən olur ki,  onu qoruyan övladları olsun. Və o övladlar o zaman güclü, qüdrətli və yenilməz olur ki, onlar bir yumruq kimi birləşmiş və həmrəy olurlar”.

Torpaqlarımızın bütövlüyü, ölkəmizin qüdrətlənməsi üçün həmişə həmrəy olaq!