Ağ Şəhər Liseyindən Həmrəylik Gününə intellektual töhfə


 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir.

Kaspi Təhsil Şirkətinin Ağ Şəhər Liseyinin rus sektoru şagirdlərinin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə hazırladıqları onlayn treninq-oyun isə ənənəvi tədbirlərdən fərqliliyi ilə yadda qaldı. Belə ki, tədris ilinin yarım illik yekununu əks etdirən tədbirdə iştirak edən 4-cü sinif şagirdləri treninq-oyunda biliklərini sınadılar. “Kim? Harada? Nə vaxt?” İntellektual oyunu üzrə Azərbaycan çempionu Samir Bağırovun aparıcılıq etdiyi treninq şagirdlərin intellektual qabiliyyətlərinin üzə çıxmasına,  ibtidai məktəb uşaqlarının tənqidi düşüncələrinin inkişafına yönəldi. “Tənqidi düşüncə kənardan daxil olan məlumatları dəqiqləşdirməyə imkan verən bir bacarıqdır”- deyə vurğulanan treninqdə qeyd edildi ki, tənqidi düşünmək üçün tələb olunan əsas bacarıqların məcmusu müşahidə, şərh etmə, təhlil etmə, nəticə çıxarmaq və qiymətləndirmə bacarığını əhatə edir. Eyni zamanda, inandırıcılıq, dəqiqlik, mənalılıq, dərinlik, dünyagörüşü kimi zəkanın geniş meyarlarına əsaslanır. Duyğusallıq, yaradıcı təxəyyül və dəyər münasibətləri də tənqidi düşüncənin ayrılmaz hissələridir: “Siz hər gün telekanallardan müxtəlif informasiyalar alırsınız. Bu informasiyaları özümüzə sual verərək yoxlamalıyıq. “Bu informasiyaların hamısı düzdürmü?”- deyə kritik düşüncəni inkişaf etdirmək olar. Bu baxımdan, kritik düşüncə alınmış informasiyanı analiz etmək, nəticə çıxarmaq, analiz əsasında qərar qəbul etmək,  şəxsi fikir və məlumatı sübut etmək bacarığıdır”- deyə tədbirin treneri məlumat verdi.

Liseyin direktoru Səbinə Əliyeva kritik düşüncə tərzinin uşaqlar üçün çox əhəmiyyətli olduğunu, xüsusən ibtidai sinif şagirdlərinin idrakının, zehni bacarıqlarının inkişafına təkan verdiyini bildirdi. Belə ki, ifadələrin düzgün qiymətləndirilməsi olan tənqidi düşüncə həm də “düşünmək haqqında düşünmək” kimi xarakterizə olunur. “Xüsusən aşağı sinif şagirdləri üçün bu tip yarışlar çox əhəmiyyətlidir”.

Liseyin İbtidai siniflər üzrə direktor müavini Mahirə İsmayılova  treninqdə səslənən sualların uşaqlar üçün maraqlı olduğunu qeyd etdi: “4-cü sinif şagirdləri – həm rus, həm Azərbaycan bölməsində oxuyanlar öyrənməyə çox maraqlıdırlar. Belə treninqlər onların dünyagörüşünü inkişaf etdirir, daim axtarışlara, öyrənməyə sövq edir”.

Lisey şagirdləri üçün keçirilən treninq-oyunun mövzusu  min illərin fəlsəfi və elmi sirri olan “Hansı əvvəl yaranıb: toyuq, yoxsa yumurta?” sualı ətrafında baş tutdu.  14 sualdan ibarət olan treninqdə şagirdlər “Everestin zirvəsində canlıların qalıqları varmı?”, ”İnsanın 5 hiss üzvü var: doğrudur, yoxsa yox?”,  “Piramidalar hərəkət edir”, “Yaponiya imperiya ölkəsidir. Orada imperator hökmdarlıq edirmi?”. “Dənizdən qızıl almaq olar”, “Banan palmada yetişir”,  “İnstituta qəbul olan ən gənc tələbə 4 yaşında olub”, “Eynşteyn məktəbdə yaxşı oxuyub”, “Öküz qırmızı rəngə reaksiya verir?”  və s. kimi sualların doğru cavabını tapmağa çalışdılar.

Tədbirin sonunda liseyin rəhbərliyi və treninqdə iştirak edən müəllimlər bu tip treninq-oyunların şagirdlərin inkişafında mühüm rol oynadığını vurğulayaraq bundan sonra da davam etdiriləcəyini qeyd etdilər.