Kaspi Liseyi şagirdlərinin xeyriyyəçilik aksiyası


Kaspi Təhsil Şirkətinin Kaspi Liseyləri yardımlaşma aksiyalarında fəal iştirak edir. Kaspi Ağ Şəhər Liseyinin D1 sinif şagirdləri və valideynlərinin Vətən Müharibəsi qaziləri və şəhid ailələrinə müntəzəm yardımları da bu qəbildəndir. Sinfin “Şəhid övladlarına yardım” layihəsi çərçivəsində keçirdikləri aksiyada şagirdlər və onların valideynləri könüllü təşəbbüs göstərərək bir neçə ailəyə baş çəkiblər.    D1 sinfinin rəhbəri Laçın Niftaliyeva bildirir ki, layihəni dövlətin və Heydər Əliyev Fondunun imkansız və şəhid ailələrinə, müharibə iştirakçılarına yardım kampaniyalarından  örnək götürərək həyata keçiriblər: “Biz də öz yardımlarımızla qazilərimizə və şəhid ailələrinə dəstək göstərmək, onların yanında olmaq istəyimizi bildirmək istədik. Dövlət onsuz da bu təbəqədən olan insanları və şəhid ailələrini diqqətdə saxlayır. Biz də onlara az da olsa maddi və mənəvi yardım göstərməyi öz vətəndaşlıq borcumuz hesab edirik. Vətən uğrunda vuruşduqlarına və canlarından keçdiklərinə görə bizim onlara həmişə minnətdarlıq borcumuz var”. L. Niftaliyeva hesab edir ki, bu cür aksiyalar şagirdlərin vətənpərvər ruhda böyüməsinə, Vətəni, torpağı sevmələrinə, qəhrəmanlarımızı yaxından tanımalarına dəstək olur.

D1 sinif şagirdləri Nurlan Mansurov və Fatimə Mikayılzadə aksiyada iştirak edərək  qazilərimizin evlərində və şəhid ailələrində olublar: “Biz qazilərimizin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin övladları ilə tanış olduq. Onlara dəstək olmaq, maddi və mənəvi yardım etməkdən qürur duyduq. Çünki onlar hamımızın torpağı uğrunda vuruşub və şəhid olublar”.

Xeyriyyə aksiyasında iştirak edən valideyn Durna Abdullayeva yardım kampaniyasında iştirakına görə özünü məmnun hiss edir: “Aksiya zamanı qazilərimizin və şəhid ailələrinin evində olduq. Onlara ərzaq, geyim bağlamaları təqdim etdik və maddi yardım göstərdik. Valideynlər könüllü surətdə bu aksiyaya qoşuldular. Hamı bunu özünün mənəvi borcu hesab edir. Qazi və şəhidlərimiz torpaqlarımızın azadlığı uğrunda vuruşub, canlarından keçib, şəhidlik məqamına yüksəliblər. Övladlarımız onları tanımalı, Vətəni sevməyi, onu qorumağı qəhrəmanlarımızdan öyrənməlidirlər”.

Qeyd edək ki, Kaspi liseylərinin digər sinifləri də bu xeyirxah təşəbbüsə qoşularaq aksiyanı davam etdirmək niyyətindədirlər.