"Bütün məqsədlərə çatsanız həyat qurtarar..."


“Həmişə dünyanı dəyişmək istəyirsiniz. Amma dəyişə bilmirsiniz. İlk addımda özünüzü, ətrafınızdakıları dəyişə bilərsiniz. Bir neçə nəfər buna can atsa, mümkündür. Çətindir, amma mümkündür...”  Kaspi Təhsil Şirkətinin Kaspi Liseylərinin müəllim və rəhbər heyətinin və VIII-XI sinif şagirdlərinin Böyük Britaniyanın Kembric Universitetinin azərbaycanlı professoru Qərib Mürşüdovla görüşündə səslənən bu fikirlər şagirdlərin gələcəyə yönələn məqsədləri üçün əsil motivasiya rolunu oynayıb. Zoom platforması üzərindən onlayn keçirilən görüş təhsil müəssisəsinin “Milli yaddaş” layihəsi çərçivəsində baş tutub. Görkəmli alim həyat yolundan, elmi nəaliyyətlərindən danışıb, görüş iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıb. 

KTŞ-nin İdarə heyətinin sədri Sona Vəliyeva qonağı salamlayaraq görüşün şagirdlərin yaddaşına həmişəlik yazılacağını və onlara unudulmaz anlar yaşadacağını bildirib: “Sizin bir alim kimi keçdiyiniz daşlı-kəsəkli elm yolu şagirdlərə əsl örnək olacaq. Onlar sizdən ilk növbədə qətiyyət, iradə, məqsədyönlülük, cəsarət öyrənəcəklər. Sizin həyata keçirdiyiniz tədqiqatlar elmdə yeni bir mərhələdir. Əminəm ki, bu görüş bəzi şagirdlərimizin peşə yönümünü dəyişdirəcək”.

Şagirdlərlə görüşdən məmnunluğunu bildirən Qərib Mürşüdov “Mənim üçün ən vacib məsələ Azərbaycanda ölkənin və gənclərin inkişafıdır. Onların bütün ömrü irəlidədir. Ölkənin inkişafı bizdən cüzi asılıdır. Yəni hamımız birləşsək, inkişafa nail ola bilərik. Amma şəxsi inkişaf özümüzdən asılıdır. Əgər insanlar öz üzərlərində işləsələr üğur qazana bilərlər. Mən çox azərbaycanlılar tanıyıram ki, Google, Amazon kimi şirkətlərdə, Dünya Bankında çalışırlar. Genetika nöqteyi-nəzərindən azərbaycanlılar heç kimdən geri qalmırlar. Sadəcə, şərait məsələsi var. Şəraiti də özümüz yaratmalıyıq. Pandemiya dövrü də göstərdi ki, dünya texnologiya dünyasıdır. İstənilən adamın azca dil bilgisi varsa, öz üzərində işləyib uğur qazana bilər”.

Tanınmış alim öz həyat yolundan danışaraq elmdə uğur qazanmağın sirrini açıqlayııb: “Mən özüm Şəmkir rayonunun Dəllər Çəyir kəndində orta məktəbdə oxumuşam. Valideynlərim sadə adamlar olub. Bütün nəaliyyətləri öz üzərimdə işləyərək qazanmışam. Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsində oxumuşam. Ali məktəbi bitirəndən sonra iki il AMEA da işlədim. Daha sonra Moskvada aspiranturaya qəbul oldum və müdafiə edəndən sonra 1993-cü ildə Britaniyaya gəldim. York Universitetində 18 il çalışdım. 2011-ci ildə Kembricdə molekulyar biologiya laboratoriyasında qrup rəhbəriyəm.  LMB-nin maraqlı tərəfi odur ki, bura molekulyar biologiyanın anadan olduğu yerdir - zülal və DNT ardıcıllıqları bu laboratoriyada öyrənilir. Bu laboratoriyada 15 Nobel mükafatçısı yetişib. Ona görə Böyük Britaniyada bu laboratoriyaya “Nobel mükafatı zavodu” deyirlər. Hesab edirəm ki, hər bir şəxs əvvəl-axır qazandığı nəaliyyətlərin bir hissəsini geri qaytarmalıdır. İnsanları öyrədə bilmək bizə xoş gəlir. Amma bu əsasən Azərbaycanda olmalıdır ki, sabah “əlimizdən gələni etdik”- deyə bilək. Mənim nəzərimdə ən böyük vətənpərvərlər peşəkar adamlardır. Peşəkar adamlar daha çox iş görürlər. Əgər bir iş görürsünüzsə, bu, ən böyük vətənpərvərlik olar. Gələcək gənclərin əlindədir, onları peşəkar böyütməliyik”.

Alim qeyd edib ki, öz şəxsi təşəbbüsü ilə Azərbaycan elminə töhvə vermək üçün AMEA-nın Molekulyar-Biologiya İnstitutunda yaratdıqları laboratoriyada çalışır: “Bu laboratoriyada elmi problemlərə necə yanaşmağı təcrübə vasitəsilə göstərmək istəyirik. Hər dəfə yeni bir fikir deyəndə heç kəs mane olmur, əslində kömək edir. Siz də çalışsanız istədiyinizə nail ola bilərsiniz. Bilikləriniz varsa, sizə nəinki mane olarlar, əksinə kömək edərlər”.

Q.Mürşüdov müəllim və şagirdləri maraqlandıran sualları cavablandırıb. “Azərbaycanda təhsil necə olmalıdır”- sualına cavab verən alim:  “Azərbaycan təhsilində orta və ali məktəblərdə daha çox axtarış aparılmağa, yaradıcılığa imkan verilsə daha yaxşı olar. Onda biliklərə daha dərindən yiyələnmək, problemi daha ətraflı öyrənmək olur. Test sistemində böyük problemlər var. Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanda tez cavab vermək düz cavab verməkdən üstün sayılır. Bunun da səbəbi odur ki, testdə az vaxt verirlər və suallara tez cavab vermək lazım gəlir. Bunun üçün də imtahan və təhsil sistemini bir qədər dəyişmək lazımdır”- deyə qeyd edib.

Tanınmış alim dünyada distant təhsilin tədrisinə də toxunub: “Distant təhsilə bir az fərqli yanaşmaq lazımdır ki, daha çox maraq oyatmaq olsun. İlk növbədə tələbələrdəki cavabdehliyin artırılması vacibdir. Bu imkan yaradır ki, gəncləri daha çox cavabdehliyə öyrədək. MİT və Stanford universitetlərində, həmçinin müxtəlif ölkələrin ali məktəblərində onlayn kurslar əvvəldən var. Öyrənirsiniz, sizə sertifikat da verə bilərlər. Hazırda bu cür kurslar daha çoxdur. Pandemiyanın müsbət tərəfi yəqin budur ki, gənclər üçün belə imkanlar yaranıb”.

“Kembricə gələndən sonra həyat məqsədinizi tamamladınızmı?” sualını cavablandıran professor “Axırıncı məqsəd yoxdur. Hədəf o qədər yuxarı olmalıdır ki, əlçatmaz olsun. Mənim üçün axırıncı məqsəd o ola bilər ki, “əlimdən gələni edə bildim” deyə bilim. Bütün məqsədlərə çatsanız həyat qurtarar”- deyə cavab verib.

Q.Mürşüdov görüşdə ölkəmizdə baş verən inkişafa, Vətən Müharibəsində qazanılan qələbəmizə, texnologiyaların müasir dünyadakı roluna, elmin inkişafı üçün görüləcək işlərə də toxunub. Alim gələcəkdə xaricdə oxumaq və karyera qurmaq istəyən gənclərə də məsləhətini əsirgəməyib: “Britaniyada və ABŞ-da oxumaq üçün uyğun imtahanlara hazırlaşmaq və öz üzərinizdə işləmək lazımdır. Valideynlərin arzusu uşaqlarının universitetə qəbul olmasına çalışmaqdır. Hesab edirlər ki, universitətə qəbil olsalar hədəflərinə çatacaqlar. Ancaq bu, hədəf deyil. Hədəf əlçatmaz olmalı, ona addım-addım gedilməlidir. Universitet o addımın bir hissəsidir. Öz üzərinizdə işləməsəniz, uğurlar qazanmaq çətin olur. Əgər güclü olmaq istəyirsinizsə, xarakter nöqteyi-nəzərdən uğursuzluqlardan öyrənmək lazımdır. Həmişə istədiyimiz nəticəni almırıq. Əsas odur ki, getdiyiniz yolda qorxmamaq, özünüzə inanmaq lazımdır”.