"Qızıl medal"a gedən yol


Kaspi məzunları Qızıl medalçılar arasında

Ümumi təhsil müəssisələrinin 2020-2021-ci tədris ili üzrə qızıl və gümüş medalla təltif olunan məzunları arasında Kaspi Təhsil Şirkətinin Kaspi Liseylərinin məzunlarının da adı var. Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 67 nəfər isə gümüş nişanla təltif olunub.

 

Kaspi Liseylərinin iki məzununun Qızıl medala layiq görülməsi təhsil müəssisəsində böyük sevinclə qarşılanıb. Heç şübhəsiz, bu, şagirdlərin çalışqanlığı, əzmkarlığı ilə yanaşı, Liseyin kollektivinin peşəkar təlim və tədrisindən qaynaqlanır. Məzunlarımız üçün Qızıl medala gedən yol da Kaspi Liseyindən başlayır...

Kaspi Liseyinin Bakıxanov filialının məzunları Bayramova Aysu Namiq qızı və  Heydərova Elanə Arif qızı Qızıl medala layiq görülmələrinin sevincini yaşayırlar. Hər iki məzun “Qızıl medal” xəbərini böyük sevinclə qarşılayaraq bu uğuru təkcə özlərinin gecəli-gündüzlü zəhmətləri kimi deyil, eyni zamanda, evdə valideynlərinin dəstəyi və ən əsası təhsil aldıqları Kaspi Liseyinin mükəmməl təlim və tədrisi, müəllimlərinin peşəkarlığı ilə əlaqələndirirlər.

 

 

Bakıxanov filialının 11C sinfini bitirən Elanə Heydərova məktəbin tarixində “Qızıl medalçı” kimi qalacağından qürur duyur: “Adımı Qızıl medalçılar siyahısında görəndə hədsiz sevindim. Valideynlərim də, Kaspi Liseyinin kollektivi də sevinc içərisindədirlər. Çəkdiyim əziyyətin qarşılığını gördüm”. E.Heydərova təhsildə uğur qazanmasına görə Kaspi Liseyinin müəllim kollektivinə minnətdardır: “Məktəbdə verilən mükəmməl təhsil olmasaydı, təbii ki, bu uğur da olmazdı. Müəllimlərin peşəkarlığı, şagirdlərə fərdi münasibəti, tələbkarlıqları və işlərinə məsuliyyətlə yanaşmaları bizim uğurumuzda böyük rol oynadı”. E.Heydərovanın arzusu hüquqşünas olmaqdır. 3-cü qrup üzrə iştirak etdiyi imtahanların cavabını səbirsizliklə  gözləyir: “Təhsilimi Azərbaycanda davam etdirmək fikrindəyəm. Hesab edirəm ki, gələcək təhsilimdə də uğurlar əldə edəcəyəm. Bunun üçün daim çalışqan olmaq və özünəinam lazımdır”. E.Heydərova ali təhsil almaq istəyən gənclərə üzünü tutaraq deyir: “Daim çalışın, əziyyət çəksəniz bəhrəsini də görəcəksiniz. Həyatda bütün qapıları biliklə açmaq mümkündür”.

E.Heydərovanın sinif rəhbəri Mənsurə İsmayılovanın şagirdi haqqında fikirləri yüksəkdir: “Elanə həmişə çalışqan, oxumaqdan yorulmayan, məsuliyyətli şagird olub. Onun medal alması xəbərinə təəccüblənmədim, Elanənin bu uğurunu gözləyirdim. Çünki o, oxumağı əsas məqsədinə çevirmişdi. Qeyd etməliyəm ki, Elanənin uğurunda Kaspi Liseyinin böyük rolu var. Elanə həmişə deyir ki, liseydə bütün fənləri eyni səviyyədə öyrənməyə nail olub. Liseyin peşəkar tədrisi onu uğura aparıb. Şagirdimizin uğuru bütün liseyin kollektivinin uğurudur”.

Kaspi Liseyinin Bakıxanov filialının 11A sinif məzunu Aysu Bayramova “Bu günü çoxdan gözləyirdim”- deyə sevincini bölüşür: “Yaxın günlərdə qəbul imtahanlarımın cavabı da məlum olacaq.  Sevincimin ikiqat olacağına inanıram. Hədəfim tibb sahəsidir”. A.Bayramova təhsildə uğurla irəliləməsində Kaspi Liseyinin rolunu xüsusi vurğulayır: “Lisey təhsil almağım üçün hər çür şərait yaradıb. Məktəbdə müasir avadanlıqlardan tutmuş müəllimlərin peşəkarlığına və fədakarlığına qədər - hər şey təhsildə uğur qazanmağımıza yol açıb”. A.Bayramova təhsilini Türkiyə universitetlərində davam etdirmək arzusundadır:  “Türkiyənin nüfuzlu universitelərindən qəbulla bağlı cavab gözləyirəm. Məqsədim yaxşı mütəxəssis olmaq, ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməkdir. Gənclərə də arzum budur ki, oxumaq həvəsindən heç vaxt əl çəkməsinlər. Bizi həyatda qalib edən savadımız və bacarıqlarımızdır”.

 

 

Aysunun sinif rəhbəri Lalə Dursunova şagirdinin həmişə fəal və intizamlı olduğunu deyir: “Aysuya 7-ci sinifdən dərs deyirəm. O, həmişə çalışqanlığı, nizam-intizamı ilə seçilir. Ona dərs deyən bütün müəllimlər Aysunun uğur qazanacağına əmin idilər. Bütünlükdə Aysunun  qızıl medal qazanması məktəbimizin uğurudur. Yaxşı təhsil uğura aparan yoldur”.

Kaspi Təhsil Şirkətinin Akademik rəhbəri Rəsul Ağayev məzunların uğurundan şox sevindiklərini və fəxr etdiklərini deyir: "Çox sevinir və fəxr edirik ki, özəl təhsil müəssisəsi olan Kaspi Liseyinin məzunları da xüsusi nailiyyətlərinə görə təltif olunan, respublikamızın ən çalışqan şagirdləri sırasında öz yerlərini tutublar. Biz məzunlarımıza bundan sonrakı fəaliyyətlərində, təhsil və iş həyatlarında nailiyyətlər diləyirik. Digər şagirdlərimizə də dərslərində məsuliyyətli olmağı, əzmlə çalışmağı, müəllimlərin tapşırıqlarını yerinə yetirməyi və dərslərə daim hazırlıqlı gəlməyi tövsiyə edirik. Mükəmməl milli təhsil daim Kaspi Təhsil Şirkətinin başlıca amalı olub. Biz də övladlarımıza keyfiyyətli təhsil verəcəyimizə əminik, bunun üçün illərdir ki, bütün imkanlarımızı səfərbər edirik”.

Məzunlarımızı təbrik edir, gələcək təhsillərində uğurlar arzulayırıq! Kaspi Şirkəti olaraq onlara gələcək təhsillərində də dəstək olmağa hazırıq!