Prezident təqaüdçülərimizin sayı 42 oldu


Ölkə başçısı İlham Əliyev 2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticələr göstərmiş tələbələrə Prezident təqaüdünün verilməsinə dair Sərəncam imzalayıb. Hər il tələbə qəbulu müsabiqəsində xüsusi fərqlənərək, ən yüksək nəticə əldə edənlər dövlət tərəfindən diqqətdə saxlanılır. Onların təcrübəsi həm cəmiyyətdə, həm də məktəblərdə güclü təsirə malik örnək rolunu oynayır.

Qürur doğuran haldır ki, Prezident təqaüdünə layiq görülən 102 tələbə sırasında Kaspi Təhsil Şirkətinə daxil olan müəssisələrin 4 məzununun da adı yer alıb. Kaspi Liseyinin Bakıxanov filialının məzunu Elanə Heydərova,  Kaspi Abituriyent kurslarının Xətai filialının məzunu Aysun Hüseynzadə, Sumqayıt filialının məzunu Cəmşid Cəmaləddinli, Kaspi Təhsil Mərkəzinin Qəbələ Nümayəndəliyinin məzunu Əsmər Ağayeva bu sevinci yaşayanlar sırasındadır.

Tələbələrə dövlət qayğısı

 

Qeyd edək ki, hələ 2001-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman imzalayıb. Həmin sənədə uyğun olaraq, o vaxtdan hər il ölkəmizin ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş gənclərimiz Prezident təqaüdünə layiq görülür.

 

Bizim uğurumuz - Liseyin uğuru

 

 

Tələbə adını qazanan məzunlarımızın sevinci hədsizdir. Onlar sevinclərini böyük qürur və minnətdarlıq hissi ilə bölüşürlər.

Kaspi Liseyinin Bakıxanov filialının məzunu Elanə Heydərova qazandığı uğuru, əldə etdiyi nailiyyəti Kaspi Liseyinin uğuru kimi dəyərləndirir: “Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıram. Mənim uğurum Liseyin uğurudur. Buna görə məktəbin bütün müəllim kollektivinə minnətdaram! Bu uğur mənim gələcək təhsilimdə böyük rol oynayacaq. Ölkə başçısına daim biz gənclərin yanında olduğuna görə təşəkkür edirəm!”

 

Hədəfin motivasiyası

 

 

Aysun Hüseynzadə Kaspi Təhsil Mərkəzinin Xətai filialının məzunudur. Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. “Hüquqşünas olmaq uşaqlıq arzum idi. Bütün təhsilim boyu bu hədəfim mənə motivasiya verib. İndi məqsədimə çatmaqda vacib olan bir mərhələni uğurla keçmək məni çox sevindirir. Bu uğurda ailəmin, oxuduğum məktəbin, Kaspi Xətai filialının müəllimlərinin böyük payı var. Hazırlıq prosesi karantin dövrünə düşsə də, “Kaspi”dəki müəllimlərim daim əllərindən gələn yardımı edir, dərsə tam peşəkar yanaşırdılar. Onlara üzərimdəki əməklərinə görə təşəkkür edirəm! Biz tələbələrə bu sevinci yaşatdığına, təhsilə yüksək dəyər verdiyinə görə Prezident İlham Əliyevə ailəmiz adından minnətdarlıq edirik!”

 

Tələbəyə əlavə dəstək

 

 

Kaspi Təhsil Mərkəzinin Sumqayıt filialının məzunu Cəmşid Cəmaləddinlinin də sevinci sonsuzdur: “Prezident təqaüdü tələbəyə əlavə dəstəkdir. Mən həmçinin bu uğurumla ailəmə az da olsa dəstək olduğuma görə xoşbəxtəm. Bu sevinci mənə və ailəmizə yaşatdığına görə Prezidentə minnətdaram. Yüksək bal toplayan şagirdlər arasından seçildiyim üçün də çox sevincliyəm. Buna görə Kaspi Sumqayıt filialının peşəkar müəllimlərinə borcluyam. Onların hər bir tələbənin üzərində böyük zəhməti var. İnanıram ki, bizim uğurumz digər şagirdlər üçün də nümunə olacaq”.

 

Region gəncləri adından

 

Kaspi Qəbələ Nümayəndəliyinin məzunu Əsmər Ağayeva Prezident təqaüdünə layiq görülməyinə görə böyük qürur hissi keçirir: “Bir şagirdin həyatında ən böyük rolu müəllimləri oynayır. Uğurumuza görə müəllimlərimizə borcluyuq. Tələbə adını qazanmağımız, təqaüdə layiq görülməyimiz biz gənclər üçün böyük stimuldur. Bütün gənclərə bu sevinci yaşamağı arzulayıram. Prezident İlham Əliyevə bizə dəstək göstərdiyinə görə ailəmiz və region gəncləri adından minnətdarlıq edirəm!”

 

Bütün Prezident təqaüdçülərini Kaspi Təhsil Şirkəti adından təbrik edirik!