"Mən oxudum, sən də oxu!


Kaspi Liseyində Kitab Bağışlama Günü qeyd edildi

14 fevral Beynəlxalq Kitab Bağışlama Günüdür. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. Bu günün maraqlı tarixi var: 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.

2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan bloqerlər birlikdə hərəkət edərək insanları həmin günü “Uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitabvermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.

Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola salınır və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.

 

Kaspi Liseyinin “Gənc oxucular dərnəyi”də “Mən oxudum, sən də oxu” adlı layihə ilə bayramı qeyd edərək uşaqları sevindirdi. Liseyin Kitabxanasında keçirilən tədbir I-IV sinif şagirdləri oxuduqları kitabları bir-birinə bağışlamaqla, həmçinin şəhid və qazi övladlarına kitab hədiyyə etməklə yadda qaldı. “Bəşəriyyətin ən böyük kəşflərindən olan kitab bizim həyatımızda mühüm rol oynayır. Müasir dövrdə elmi-texniki tərəqqi nə qədər inkişaf etsə də, kitabı əvəz edən bir vasitə yoxdur. Bu gün təşkil etdiyimiz layihədə əsas məqsəd özümüzün oxuyub bəyəndiyimiz kitabları həmyaşıdlarımıza hədiyyə etməkdir”- deyə qeyd edildi.

 

 

Liseyin direktoru Səbinə Əliyeva bu tip tədbirlərin böyük əhəmiyyətinin olduğunu bildirdi: “Tədbirin məqsədi uşaqlar arasında kitaba sevgi və mütaliə vərdişinin aşılanmasıdır. Belə tədbirlər uşaqların kitaba olan məhəbbətini üzə çıxarır, onları mütaliəyə sövq edir”.

 

Kitabxananın rəhbəri Şahnaz Quliyeva böyüməkdə olan nəslin təlim-tərbiyəsində  mütaliənin böyük rolunu qeyd etdi: “Kitabın faydalarından nə qədər danışsaq bitməz. Bu, bir həqiqətdir ki, bilik xəzinəsinin qapılarını bizim üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən biri olan kitab açır”.

Liseyin qonaqları olan Bakıxanov filialının şagirdləri də tədbirə əliboş gəlməmişdi. Liseylərin şagirdləri oxuduqları kitabları bir-birlərinə bağışlamaqla digər həmyaşıdlarını da mütaliəni sevməyə, kitaba məhəbbətə səslədilər.

Günün devizi “Bütün biliklərin açarı kitabdan keçir!” oldu.

kaspi.edu.az