Oğuz rayonu - Yay məktəbi


Kaspi Liseyinin 7, 8 və 9-cu sinif şagirdləri 7 iyun tarixindən etibarən 21 iyuna qədər növbəli şəkildə Oğuz rayonunda yerləşən Oğuz Olimpiya Kompleksinə, yay məktəbində iştirak etmək üçün yola düşmüşdürlər. Qızlardan və oğlanlardan ibarət olan şagird dəstələri ayrılıqda bu kompleksdə 1 həftə vaxt keçirmişdirlər.

Yeddi gün üçün ayrılmış sosial - əyləncəli xarakterli fəaliyyət planına ətraf şəhərlərə, muzeylərə səfərlərdən tutmuş, oyunlar, idman yarışları və sairə kimi bir çox fəaliyyətlər sığışdırılmışdır. Belə ki, şagirdlər gündəlik olaraq bədii əsər qiraəti ilə məşğul olmuş, əcnəbi müəllimin rəhbərliyi ilə ingilis dilinin danışıq praktikasını inkişaf etdirmiş, futbol, voleybol, üzgüçülük, tennis və şahmat yarışlarında iştirak etmiş, Breyn Ring və Çərxi-fələk kimi məntiq və intellekt tələb edən, həmçinin Ford-Boyard formatında fiziki və psixoloji güc tələb edən oyunlarda iştirak etmişdirlər.

Yay məktəbi planına uyğun olaraq məktəblilər əvvəlcə Oğuz rayonunun Tarix və Diyarşünaslıq Muzeyinə baş çəkmiş, burda şəhərin qədim mədəniyyətini əks etdirən müxtəlif tarixi eksponatlar, silahlar və məişət əşyaları ilə tanış olmuş, bundan sonra isə onlar rayonun Baş Daşağıl kəndindəki Qədim Mağaranı ziyarət etmişdirlər.

Şagirdlər növbəti səfərlərini  Şəki şəhərinə etmiş, burdakı qədim Alban məbədində, Tarix muzeyində və Şəki Xan Sarayında olmuşdurlar. Onlar həmçinin Şəkinin yerli şirnisi olan Şəki paxlavasının da dadına elə yerindəcə baxmışdırlar.

Növbəti günlərdə onlar Oğuz rayonun Xalxal kəndinə yollanmış, mənzərəli yerlərdə istirahət etmiş və göldə qayıq sürmüş; Qax rayonunun İlisu kəndində səfər etmiş və  son gün isə Qəbələ şəhərinə baş çəkmiş, burda yerləşən Qəbələnd əyləncə mərkəzində istirahət etmiş , müxtəlif atraksionlarda əylənmişdirlər.

Şagirdlər Bakıya gümrah, zehni açılmış şəkildə və zəngin yay xatirələri ilə geri dönmüşdürlər.