"Kaspi" liseyinin "Ağ şəhər" filialında valideynlərlə görüş keçirilmişdir.


12 sentyabr 2015-ci il tarixində Kaspi Liseyinin yeni filialı hesab olunan “Ağ şəhər” filialında “Kaspi” təhsil şirkətinin rəhbərliyinin yeni valideynlərlə tanışlıq görüşü baş tutmuşdur. Görüşdə çıxış edən “Kaspi” TŞ – nin təsisçisi Sona Vəliyeva ilk öncə valideynləri salamlamış, sonra isə “ Kaspi ” liseyi haqqında məlumat vermişdir. Natiq “ Kaspi ” liseyinin şüarı hesab olunan “Milli mükəmməl təhsil amalımızdır! ” ifadəsinə də aydınlıq gətirmiş, həmçinin liseyin “millilik” “məsuliyyətlilik”, “mükəmməlik” , “innovativlik” “yaradıcılıq” kimi əsas dəyərlərini sadalamış və açılışını vermişdir. Nitqinin sonununda Sona xanım valideynlərə öz minnətdarlığını bildirmiş və onların etibarlarını bir komanda olaraq doğruldacaqlarına söz vermişdir.

Ardınca çıxış edən “Kaspi” TŞ – nin direktoru  Elnur Əliyev “Kaspi” TŞ – nin yaranma tarixindən, bu şirkətə və liseylərə niyə məhz “Kaspi” adının verilməsindən də söz açmışdır.  O bildirmişdir ki, bir təhsil şirkəti olaraq adını 1881 – ci ildə nəşr olunan “ Kaspi ” qəzetindən götürən müəssisənin məqsədi daim insanları maarifləndirmək və savadlı, ziyalı bir təbəqənin formalaşmasında , xüsusilə, insan resursunun yetişməsində yaxından iştirak edə bilməkdir.

Şirkətin direktoru sözünü tamamlayaraq valideynlərə Liseyin direktoru Asif Əzizovu təqdim etmişdir. Öz növbəsində qonaqları salamlayan Asif Əzizov, nitqini daha çox Liseyin müəllim kollektivinin seçilməsi prinsipləri və meyarları, həmçinin tədris metodları və standartları kimi təlim-təhsil mövzusu üzərində qurmuş,  verilmiş sözlərin əməli fəaliyyətdə də görüləcəyini vurğulamışdır.

Tədbirin ardı qeyri-rəsmi şəklidə, ziyafət süfrəsi arxasında davam etdirilmişdir.