"Kaspi " liseyində "Milli yaddaş " tədbiri 16.10.2015


   16 Oktyabr 2015-ci il tarixində , saat 14:00 –da  “Kaspi ” liseyində (Bakıxanov ünvanında) “Milli yaddaş ”layhiyəsi adı altında tədbir keçirilmişdir. Tədbirdə Kaspi Təhsil Şirkətinin təsisçisi və İdarə Heyətinin sədri Sona Vəliyeva , Kaspi liseyinin direktoru Tural Əliyev və digər əməkdaşları , həmçinin akademik , fərdi prezident təqaüdçüsü Nəriman Həsənzadə , Yazıçılar Birliyinin üzvü, şair Dayandur Sevgin iştirak etmişdirlər.     

    Tədbirin açılış nitqini söyləyən Kaspi Təhsil Şirkətinin təhsisçisi Sona Vəliyeva tədbirdə iştirak edənləri salamlamış və akademik Nəriman Həsənzadəyə tədbirdə iştirak etdiyinə görə təşəkkürünü bildirmişdir. Natiq həmçinin çıxışında : Nəriman Həsənzadənin yaradıcılığı təpədən dırnağa Azərbaycanın tarixi yaddaşıdır. Onun insanlığa, yurda, torpağa, Vətənə, dilə, Anaya münasibətidir. Nəriman Həsənzadənin poeziyası başdan ayağa səmimiyyətdən yoğurulub. Səmimiyyətdən doğulan poeziya isə tarixi, əbədiyaşar pasport alır. Ola bilsin ki, bu görüş Nəriman Həsənzadənin aləmində adi bir görüşdür. Bizim üçün isə dərsdir. Milli yaddaş dərsidir.  Yaradıcılığının 60-cı illərin poeziyası ilə bağlı olduğunu qeyd edərək Azərbaycan poeziyasında mühüm yer tutduğunu diqqətə çatdırdı. Xalq şairinin yaradıcılığını araşdırdıqca yeni nüansların meydana çıxdığını söyləyən təsisçi «Bu səmimiyyəti vərəqləyə-vərəqləyə zəriflik, həlimlik kimi insani və poetik keyfiyyətlərlə yanaşı, həm də yüksək əxlaqi abır-həya kimi dəyərləri gördüm” - deyə vurğuladı: “Bütünlükdə bu fikri ifadə edəcək söz axtardım və bu poeziyanı «Vicdanlı poeziya» adlandırmaq qərarına gəldim. Bu, Azərbaycan poeziyasında çox az rast gəlinən bir ifadədir. Əgər poeziyanın məramında vicdanlılıq, səmimiyyət durursa, bunu Nəriman Həsənzadə yaradıcılığı təqdim edə bilərdi». Xalq şairinin həyatı haqqında lisey şagirdlərinə məlumat verən S.Vəliyeva Nəriman Həsənzadənin çətin həyat yolu keçdiyini yada saldı: «O da siz şagirdlər kimi uşaq olub. Onu da hər səhər anası məktəbə yola salıb. Ancaq Nəriman müəllim anasını 23 yaşında olarkən itirib. Məhz bu yaşa qədər anası onun ürəyində bir işıq yandıra bilib ki, o, şair ola bilib. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib, elmi iş müdafiə edib, şəxsiyyət kimi formalaşaraq hamının dərin hörmətini qazanıb. Nəriman Həsənzadə anasının bircə övladı olub. Amma Nəriman Həsənzadə bir ananın deyil, bütövlükdə bir vətənin övladı oldu. Nəriman Həsənzadə bir ocağın işığını yandırmadı, o, qurduğu ideyaları ilə «Qalsam kimliyimi Vətəndən soruş» deyə minlərlə evlərdə könül işığını yandıra bildi. Nəriman Həsənzadə gəncliyindən kimliyini vətənə sübut edə bildi”.

    Nəriman Həsənzadə təşkil edilən görüşə görə KTŞ-nin rəhbərliyinə təşəkkürünü dilə gətirdi. Şagird və müəllim kollektivi üçün keçdiyi ömür yolunu vərəqləyən şair həyatda kədər də, sevinc də yaşadığını, ancaq qarşısına çıxan yaxşı insanlara arxalandığını, yaxşılıqlardan ilham aldığını söylədi: “Dünya çox amansızdır. Atamı uşaqlıqda – 1 yaşım olanda, anamı da 23 yaşımda itirdim. Heç kimim yox idi. Ancaq qabağıma çıxan yaxşı adamlar mənə ata əvəzi oldular. Çünki onlar böyük şəxsiyyətlər idi. Mən Mircəlal Paşayevin tələbəsi idim. O, oğluna aldığı evi mənə verdi. Mən hazırda o evdə yaşayıram. Düzdür, mənə də ev vermişdilər. Bunda isə Nazim Hikmətin rolu olmuşdu. Mənim onunla bağlı çoxlu xatirələrim var. Sonradan oğlumun adını da Nazim qoydum. O, rəhmətə gedəndə oğlum dünyaya gəldi. Mən həmin evi Xəlil Rza Ulutürkə bağışladım. Çünki o ailəli idi və evi yox idi. Mən balaca bir qəsəbədə anadan olmuşam. Amma gəlib ölkənin Xalq şairi oldum. Ulu öndər həmişə bizi özü ilə görüşlərə aparırdı. O, mənim əsərim əsasında hazırlanan «Atabəylər» tamaşasına gəlmişdi. O, bizi yetişdirdi». Şairliyin asan olmadığını bildirən N.Həsənzadə bu şöhrəti qazanmaq üçün ömrün nərdivanında pillə-pillə, çətinliklə irəlilədiyini dedi: «Mən əziyyət çəkə-çəkə gəlib bu yaşa çatmışam».

  Liseyin şagirdləri Nəriman Həsənzadənin sözlərinə yazılmış mahnını və onun şeirlərini ifa etdilər. Şair həmçinin, şagirdləri maraqlandıran sualları cavablandırdı. Uşaqların «Həyatınızda üzləşdiyiniz ən çətin məqam hansı olub?», «İlk şeirinizi nə zaman yazmısınız?» «Həyatda qarşınıza yalnız yaxşı insanlar çıxıb?», «Ən çox hansı əsərinizi sevirsiniz?», «Həyatda itirdikləriniz çoxmu olub?», «Necə oldu ki, şeir yazmaq istədiniz?» və s. kimi sualları həvəslə cavablandırdı. Şagirdlərdən birinin «Qocalmaqdan qorxursunuzmu?» sualına isə «Yaş ötüb, saça dən düşüb» - deyə yazan şairin orijinal cavabı eşidildi: «Bu barədə düşünməmişəm heç…» 
  Tədbirin sonunda Kaspi liseyinin direktoru Tural Əliyev çixiş etmişdir, və “Milli Yaddaş ”  lahiyəsinə vermiş olduğu  töhvəyə görə şairə minnətdarlığını bildirmişdir.