"Kaspi" Liseyində Nizami Gəncəvi yad edildi.


24 May 2017-ci il tarixində "Kaspi" Liseyində daha bir "Milli yaddaş" dərsi şagirdlərə keçildi. Bu dəfəki "Milli yaddaş" dərsinin mövzusu isə dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyəti və yaradıcılığı idi. 
Ədəbiyyat müəllimlərinin hazırladığı gecədə dahi Nizami yaradıcılığı müxtəlif formalarda - qəzəl,səhnəciklər, rəqs və s. anıldı. 
Tədbirin açılış nitqini söyləyən "Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva dahi Azərbaycan mütəfəkkiri Nizami haqqında hər elm adamının, hər ədəbiyyat insanının belə söz demək iqtidarında olmadığını, buna qadir olanlardan birinin isə Bakı Slavyan Universitetinin müəllimi, Professor və Əməkdar elm xadimi Məmməd Qocayevin olduğunu vurğulamışdır. "Özünü Dostoyevski yaradcılığına həsr etmiş, ardınca isə Nizami yaradıcılığı, Nizami yaradıcılığında insanın mənəvi inkişafı, kamilləşməsi, şah və rəiyyət münasibətləri, zəhmətsevərlik və digər mövzuları araşdıran Məmməd müəllim bu işi elə Nizamiyə layiq şəkildə yerinə yetirmişdir. Mən bu gün burada, şagirdlərimizin görüşünə Məmməd müəllimin gəlməsini çox uğurlu qərar hesab edirəm və şagirdlərimizə də tövsiyə edirəm ki, bu alimin çıxışına diqqətlə qulaq assınlar. Şəxsən mən, siz şagirdlərə bu gün qibtə etdim, o mənada ki, niyə mən sizin yerinizdə ola bilmədim. " - deyə Sona xanım qonaq haqqında fikirlərini qeyd etmişdir.
Ardınca şagirdlərin simasında Nizami Gəncəvi obrazı canlandırılmış, şairin "Yeddi gözəl" poemasının motivləri əsasında rəqs nömrəsi nümayiş etdirilmiş, Nizaminin poemalarında yer alan qəhrəmanlar səhnəyə gəlmiş, hərəsi öz obrazı haqqında qısa və dolğun nitq söyləmişdirlər. Daha sonra isə Məmmədova Nəzrin Nizami yaradıcılığında "türkçülük" ideyasından bəhs etmiş, Yusifzadə Cəvahir isə Aqşin Əlisoyun tarda müşaiyəti ilə şairin "Keçsin" qəzəlini söyləmiş, "Nuşirəvan və bayquşların söhbəti" adlı səhnəcik nümayiş olunmuşdur.
Söz söyləmək üçün kürsüyə dəvət olunan qonaq Qocayev şagirdlərin qarşısında, onların tam anlaya biləcəyi bir dildə çıxış etmiş, Nizami yaradıcılığında insanın mərhələli inkişafı haqqında çox əhatəli şəkildə məlumat vermişdir. O, Xəmsədəki hər 5 sənət nümunəsi olan "Sirlər xəzinəsi" ndən başlayaraq, "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə" əsərlərindəki əsas qəhrəmanları müqayisəli şəkildə təhlil edərək insanın adi bir varlıq olma vəziyyətindən ta ki kamil insan olaraq peyğəmbər statusu alana qədər olan inkişaf yolunu göstərmişdir. Fikir adamı o qədər axıcı, ardıcıl və sadə məruzə edirdi ki, şagirdlər və müəllim kollektivi öz heyrətini və qibtəsini alqışlarla bildirirdilər.
Sonda çıxış edən Liseyin direktoru Tural Əliyev alimə dəvəti qəbul edib gəldiyi üçün, ən əsası isə özünün öyrədici çıxışı üçün minnətdarlığını bildirmişdir. Direktor, professorun çıxışının onda yenidən Nizami yaradıcılığına üz tutmağa, hər əsəri bir daha oxumağa həvəs yaratdığını da etiraf etmişdir.
Tədbirin sonunda həmişəki kimi qonağa Liseyin adında hədiyyə lövhəciyi və Liseyin şagirdi tərəfindən çəkilmiş Nizami  qəhramanlarının əks olunduğu rəsm işi hədiyyə edilmişdir.

Digər şəkillərə baxmaq üçün veb səhifədə olan Foto Qalereya bölməsinə keçin.